RU

ADB Azərbaycana layihələrin icrasını təkmilləşdirməkdə kömək edəcək

Asiya İnkişaf Bankı (ADB) "Mərkəzi və Qərbi Asiyada layihələrin hazırlığının artırılması və layihə idarəçiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində yeni regional texniki yardım üçün 1 milyon ABŞ dolları ayırmağı planlaşdırır. SİA ADB-yə istinadən xəbər verir ki, layihə regionun doqquz ölkəsini - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir və ADB tərəfindən maliyyələşdirilən layihələrin satınalma, hazırlanma və həyata keçirilməsi sahəsində institusional potensialın artırılmasına yönəlib.

Bankın məlumatına görə, texniki yardım layihələrin hazırlanması və tətbiqinin əsas mərhələlərində dəstək məqsədilə icraçı orqanlara və onu həyata keçirən agentliklərə göstəriləcək. Xüsusi diqqət satınalma sahəsində bacarıqların inkişafına, o cümlədən tender ilə bağlı sənədlərinin hazırlanması, təkliflərin qiymətləndirilməsi və hesabatların hazırlanmasına yönəldiləcək. Bununla yanaşı, müqavilələrin idarə edilməsi və şikayətlərin həlli mexanizmlərinin gücləndirilməsinə, xarici məsləhətçilərdən asılılıq əvəzinə daxili potensialın yaradılmasına diqqət yetiriləcək.

ADB-nin məlumatında qeyd edilib ki, regionda layihələrin həyata keçirilməsinin səmərəliliyi artıq müsbət dinamika nümayiş etdirir. Belə ki, satınalma prosedurlarının həyata keçirilməsi üçün tələb olunan müddət 2022-ci ildəki 370gündən 2023-cü ildə 261 günə, 2024-cü ildə isə 181 günə qədər azalıb. Bununla belə, inkişaf nəticələrinin əldə olunmasını ləngidən problemlərin aradan qaldırılması üçün institusional potensialın daha da gücləndirilməsinə ehtiyac qalmaqdadır.

ADB layihə hazırlığında iki əsas göstəriciyə diqqət yetirir - layihə hazırlığı (təsdiqləmədən əvvəl ilkin və ya ətraflı layihə-smeta sənədlərinin mövcudluğu) və satınalmalara hazırlıq (həyata keçirilmə prosesinə başlamazdan əvvəl əsas müqavilələr üzrə dərc edilmiş tender sənədlərinin mövcudluğu).

Texniki yardım, həmçinin layihə hazırlığının erkən mərhələlərində filtrasiya mexanizmlərinin tətbiqinə, satınalma proseslərində təhlükəsizlik standartlarına riayət edilməsində dəstəyə, təcrübə mübadiləsinə və bir sıra digər məsələlərə yönəlib.

Layihə ADB-nin regional əməkdaşlıq və ictimai rifahın təmin edilməsi sahəsindəki prioritetlərinə uyğundur. O, mürəkkəb infrastruktur və sosial-iqtisadi layihələri həyata keçirə bilən dayanıqlı və səmərəli institutların formalaşdırılmasına, həmçinin ən yaxşı təcrübələrin iştirakçı ölkələrin xüsusiyyətlərinə uyğunlaşdırılmasına yönəlib.

Избранный
5
2
sia.az

3Источники