RU

Su obyektlərinin sintetik torlarla çirkləndirilməsinə qarşı mübarizə gücləndirilib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində növbəti reyd həyata keçirib.

Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib.

Məlumata görə, reyd zamanı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən mülki dövriyyəsi qadağan olunmuş sintetik torlar və digər balıq ovu vasitələrinin istifadəsi, eləcə də su obyektlərinin çirkləndirilməsi faktlarına rast gəlinib. Nəticədə müxtəlif ölçülərdə, ümumi uzunluğu 300 metrdən artıq olan sintetik tor və çoxlu sayda vintil su akvatoriyasından çıxarılaraq qanunla müəyyən olunmuş qaydada zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Qurumun açıqlamasında bildirilib ki, Azərbaycan Respublikası Su Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əsasən su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının atılması və axıdılması, həmçinin su obyektlərinin çirklənməsinə səbəb ola biləcək digər fəaliyyətlərin həyata keçirilməsi qadağan edilir:

"Təəssüf ki, sintetik torların satışının və istifadəsinin qadağan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən hələ də bu vasitələrdən istifadə olunur. Bu isə su obyektlərinin çirklənməsinə, təbii axım rejiminin dəyişməsinə və bioloji müxtəlifliyin azalmasına səbəb olur.”

Sintetik torlardan istifadənin həm balıq ehtiyatlarının kütləvi məhvinə, həm də uzun müddət ərzində su obyektlərinin və ətraf mühitin çirklənməsinə gətirib çıxardığı qeyd olunub. Bundan başqa, torların suyun təbii axımını dəyişdirərək durğun zonaların yaranmasına, çöküntülərin toplanmasına və dib faunasının məhv olmasına səbəb olduğu bildirilib. Suvarmada istifadə olunan torların boruları və kanal sistemlərini tutması isə hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir göstərir.

Xidmət ölkə ərazisində bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət tədbirlərinin davam etdiriləcəyini diqqətə çatdırır və vətəndaşlardan su obyektlərinin çirkləndirilməsi hallarına şahid olduqda qurumun sosial media hesabları vasitəsilə məlumat vermələrini xahiş edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
5
apa.az

10Источники