RU

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü (hər iki halda) və 62.19-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 53.4-cü (ikinci halda) və 62.19-cu maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Qanunun 53.4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü maddəsinə uyğun olaraq, üzərinə həbs qoyulmuş dövlət əmlakının icra məmurunun sifarişi əsasında hərracda satılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.2. həmin Qanunun 62.19-cu maddəsinə uyğun olaraq, elektron hərracın keçirilməsi qaydasını, elektron hərracda iştirak haqqının və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 6, maddə 541; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 23 may tarixli 399 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “150.3-1-ci maddəsinin ikinci hissəsində” sözləri “150.3-1-ci maddəsinin ikinci abzasında” sözləri ilə əvəz edilsin;

3.2. 1.9-cu bənddə “, 150.3-1-ci” sözləri “maddələrində, 150.3-1-ci maddəsinin birinci abzasında” sözləri ilə əvəz edilsin;

3.3. 1.10-cu bənddə “hissəsində” sözü “abzasında” sözü ilə əvəz edilsin.

4. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I); 2025, № 6, maddə 544) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “hissələrində” sözündən sonra “, 53.4-cü (hər iki halda) və 62.19-cu maddələrində” sözləri əlavə edilsin;

4.2. 2.1-1-ci və 2.1-2-ci bəndlər müvafiq olaraq 2.1-2-ci və 2.1-3-cü bəndlər hesab edilsin və aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 53.4-cü (ikinci halda) və 62.19-cu maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

4.3. 2.6-cı bənd ləğv edilsin;

4.4. 2.6-1-ci bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə “hissəsində” sözündən sonra “və 53.4-cü maddəsində (birinci halda)” sözləri əlavə edilsin.

Избранный
50
6
konkret.az

8Источники