Böyük Britaniyada alimlər pandemiyanın insan beyni üzərində gözlənilməz təsirlərini üzə çıxarıblar.
E-saglam.az xəbər verir ki, Nottingem Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmalar göstərib ki, 2020-ci ildən əvvəlki dövrlə müqayisədə pandemiya zamanı insanların beyinləri orta hesabla 5,5 ay daha tez yaşlanıb.
Alimlər Böyük Britaniya Biobankının 15 minə yaxın yetkin iştirakçısının məlumatları əsasında sağlam beyin qocalmasını tanıya bilən süni intellekt modeli hazırlayıblar. Bu model pandemiyadan əvvəl və sonra çəkilmiş beyin görüntülərini analiz edərək fərqləri qiymətləndirib.
Nəticələrə əsasən, pandemiya dövründə insan beyninin qocalma prosesi əhəmiyyətli dərəcədə sürətlənib. Tədqiqata rəhbərlik edən nevroloq Ali-Reza Mohammadi-Nejad qeyd edib: “Hətta COVID-19 keçirməyən şəxslərdə də beyin yaşının artdığını gördük. İzaloyasiya, stress və qeyri-müəyyənlik bu prosesə təsir edən əsas amillərdən olub”.
Tədqiqat komandasında yer alan nevroloq Dorothee Auer isə bildirib: “Əldə etdiyimiz məlumatlar yalnız iki zaman nöqtəsinə aiddir. Bu da o deməkdir ki, beyin sağlamlığındakı dəyişikliklər potensial olaraq geriyə çevrilə bilər. Bu, çox ümidverici haldır. Beynimizi yalnız xəstəliklər deyil, həm də yaşadığımız mühit və gündəlik həyat tərzimiz formalaşdırır.”
Araşdırma pandemiyanın təkcə fiziki deyil, həm də psixi və nevroloji təsirlərini daha dərindən anlamaq üçün mühüm nəticələr ortaya qoyur.
Tərcümə: Könül Oruc
E-saglam.az