RU

Bir ildə dünya və Avropa çempionu olan qapıçı: "Olduqca çətin yol idi" - MÜSAHİBƏ

Minifutbol üzrə dünya çempionatının, futzal üzrə universitetlər arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımovun AZƏRTAC-a müsahibəsi

- Minifutbol üzrə dünya çempionatından sonra Avropa birinciliyində da qələbə sevinci yaşadınız. Təəssüratlarınız necədir?

- Bu il mənim üçün yaddaqalan və çox emosional oldu. Dünya çempionatındakı uğurdan sonra Avropa səviyyəsində növbəti qələbəyə imza atmaq həm motivasiya, həm də məsuliyyət baxımından önəmli idi. Hər dəfə meydana çıxanda yalnız özümü yox, Vətənimi təmsil etdiyimi düşünərək oynamışam. Azərbaycanın adını zirvədə görmək, o bayrağı yüksəltmək sözlə ifadə olunmayacaq qədər möhtəşəm hissdir.

- Yəqin ki, 2025-ci ilin idman həyatınızın ən uğurlu ili olduğunu desək, yanılmarıq?

- Tamamilə haqlısınız. Əvvəlki illərdə də müəyyən yaxşı nəticələr əldə olunmuşdu. Amma 2025-ci il karyeramda dönüş nöqtəsinə çevrildi. Həm fərdi, həm də komanda olaraq qazandığımız nailiyyətlər bu ili mənim üçün unudulmaz etdi.

- Hansı titul sizin üçün daha dəyərlidir?

- Əslində hər ikisinin öz yeri var. Dünya çempionluğu daha qlobal səviyyəli uğurdur və fərqli məsuliyyət yaradır. Avropa çempionatında qalib gəlmək isə bizim üçün ciddi əzmkarlıq tələb edən olduqca çətin yol idi. Amma mənim üçün bu prosesdə ən dəyərli olan şey birlik, dostluq və komanda ruhu nümayiş etdirməyimizdir.

- Müxtəlif formatlı iki turnirdə maksimum nəticə göstərmək asan deyil. Bunu necə bacardınız?

- Həqiqətən asan olmadı. Ancaq hər uğurun arxasında əzmkarlıq, nizam-intizam və daim öz üzərində işləmək dayanır. Komandamız yalnız bir məqsəd uğrunda çalışdı. O da qalib gəlmək idi. Aramızda olan güvən və dəstək bu yolda ən böyük silahımız oldu.

- Üstəlik, Avropa çempionatının ən yaxşısı qapıçısı seçildiniz...

- Çox qürurverici hissdir. Bu, sadəcə mənim deyil, bütün komandanın zəhmətinin bəhrəsidir. Mən də bu nailiyyətdə pay sahibi oldum və komanda yoldaşlarımın dəstəyi ilə mükafata yiyələnmək qismət oldu. Bu cür fərdi mükafatlar insana daha çox çalışmaq üçün motivasiya verir.

- Qələbələrin sosial həyatınıza təsiri necə oldu? Nəzərə alaq ki, artıq sizi daha çox tanıyırlar…

- Bəli, əvvəlkindən daha çox tanınmaq fərqli hissdir. Xüsusilə gənclərin dəstəyi və "sənə baxıb ilham alırıq" söyləmələri mənim üçün çox dəyərlidir. Bu sevgi və maraq mənə əlavə məsuliyyət verir, çünki artıq daha çox insan üçün nümunəyə çevrilmişəm.

- Bilirik ki, böyük futbolda da özünüzü sınamısınız, amma karyeranız uğurlu alınmayıb. Səbəb nə olub?

- Karyeramın uğursuz alındığını deməzdim. 14 yaşımda artıq “Qarabağ”ın əsas komandası ilə müqavilə bağlamışdım. Sadəcə, bəzi problemlərə görə böyük futboldan uzaqlaşmalı oldum. Qismət belə imiş.

- Yenidən böyük futbola qayıtmaq istəyiniz var?

- Düzünü desəm, bu barədə heç nə deyə bilmərəm. Bütün fikrimi minifutbola yönəltmişəm.

İdman.biz

Избранный
51
2
idman.biz

3Источники