RU

Azərbaycan dili müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır

Azərbaycan dili xalqımızın varlığını yaşadan, onun milli kimliyini ifadə edən mənəvi sərvətdir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu dəyərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət  daşıyır.

XX əsrin əvvəllərində, xüsusilə SSRİ dövründə Azərbaycan dili ciddi təzyiqlərə məruz qalmışdır. 1930-cu illərdə dil məsələsini qabardan ziyalılar siyasi repressiyalara məruz qalaraq sürgün olunmuşdur. 1970-ci illərin ortalarından etibarən Sovet İttifaqını təşkil edən respublikalarda milli dillərin sıxışdırılması prosesi daha da sistemli şəkildə həyata keçirilmişdir. Milli dillərin tədris və idarəetmə sistemindən tədricən sıxışdırılması bu siyasətin əsas istiqamətlərindən biri idi. Belə bir şəraitdə ana dili məsələsini açıq şəkildə müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi.

Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi önəm vermişdir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi daxil edilmişdir.

Müstəqillik qazanıldıqdan sonra Azərbaycan dili hüquqi baxımdan dövlət dili kimi tanındı, həmçinin cəmiyyət həyatının əsas dəyərlərindən birinə çevrildi. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması rəsmiləşdirildi. Bu müddəa milli kimliyin hüquqi ifadəsi və dövlətin ideoloji təməlidir.

2001-ci il 9 avqust tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış Fərmanla hər il 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixin seçilməsi təsadüfi deyildi, həmin dövrdə latın qrafikasına keçid prosesi məhz bu tarixdə yekunlaşmışdı.

2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə Azərbaycan dilinin qorunması, tətbiqi və inkişafı ilə bağlı hüquqi çərçivəni müəyyən etdi. Bu qanun dünya azərbaycanlılarının milli-mədəni ehtiyaclarını da nəzərə alaraq ana dilinin qlobal səviyyədə yaşadılmasını hədəflədi. Bu əlamətdar tarix həm əlifbamızın müasirliyə inteqrasiyasını, həm də ana dilimizin əbədiyaşarlığını simvolizə edir. Azərbaycan dilinin qloballaşma dövründə saflığının qorunması və inkişafı istiqamətində sözügedən addım əvəzsiz əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ardıcıl və uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən strateji yanaşma ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi daha da möhkəmləndirilmiş, onun hüquqi bazasının gücləndirilməsi və müasir dövrün tələblərinə cavab verən tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə texnoloji mühitdə – rəqəmsal platformalarda, informasiya-kommunikasiya sistemlərində və media sahəsində Azərbaycan dilinin funksional imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda, dilimizin cəmiyyətin bütün sahələrində – elm, təhsil, hüquq, mədəniyyət və idarəetmə müstəvisində istifadəsi təşviq olunaraq, gənc nəsildə ana dilinə bağlılıq və dilə hörmət hissinin aşılanması istiqamətində ardıcıl iş aparılmışdır. Bu siyasət nəticəsində Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin daşıyıcısı kimi yaşadılmış və inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin ana dilinin qorunması və inkişafı sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət çərçivəsində mühüm hüquqi və praktik addımlar atılmışdır. Dövlət başçısının 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, latın qrafikası ilə nəşr olunacaq əsərlərin siyahısı tərtib edilmiş və bununla da müasir əlifba ilə kütləvi ədəbiyyatın yayılması istiqamətində ciddi bir mərhələyə keçilmişdir. Ardınca, Azərbaycan Prezidentinin 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin elmi-mədəni və bədii tərcümə sahəsində geniş tətbiqini təmin etmişdir.

Müasir dövrün reallıqları fonunda dilin qorunması və inkişafı məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli və mənəvi varlığımızın əsas göstəricisi olan ana dilimizin zənginliyinin və saflığının qorunması baxımından strateji əhəmiyyət daşıyan sənəd olmuşdur. Bu proqram, eyni zamanda, dilçilik elminin inkişafına təkan vermiş, yeni yanaşmaların və texnologiyaların tətbiqi üçün institusional baza yaratmışdır.

Dövlət başçısının 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı isə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə dilin rəqəmsal məkanda mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu təşəbbüslər nəticəsində Azərbaycan dilinin tətbiq dairəsi yalnız dövlət idarəçiliyində deyil, həm də rəqəmsal platformalarda, təhsil sistemində, ədəbiyyatda və kütləvi informasiya vasitələrində əhatəli şəkildə genişlənmişdir.

Beləliklə, 1 avqust tarixi ana dilinə sevgi, sadiqlik və məsuliyyət hissini ifadə edən xüsusi bir gündür. Azərbaycan dili sadəcə bir ünsiyyət vasitəsi deyil, eyni zamanda müstəqil dövlətçiliyimizin ideoloji dayağı, xalqımızın tarixi, mədəniyyəti və gələcəyinin təzahürüdür.

Heydər Əsədov,
​Milli Məclisin deputatı

Избранный
12
2
ikisahil.az

9Источники