RU

Daxili turizm bahalaşır: Qiymət artımına kim nəzarət edir? – Ekspert

Yay aylarında Azərbaycanın müxtəlif bölgələrində istirahət etmək istəyən vətəndaşlar kirayə evlərin yüksək qiymətlərindən narazılıq edirlər. Gündəlik kirayə haqlarının bəzi rayonlarda 100-150 manata qədər yüksəlməsi, istirahət imkanlarını məhdudlaşdırır. Bu artım mövsümi tələbə bağlı olsa da, qiymətlərin real dəyərdən xeyli artıq olduğu bildirilir. Bunun əsas səbəbləri nələrdir?
Dövlət bu sahədə qiymət tənzimləməsi və ya nəzarət mexanizmi tətbiq edə bilərmi?

Uzunmüddətli perspektivdə daxili turizmin inkişafı üçün hansı iqtisadi alətlərdən istifadə edilməlidir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, yay aylarında ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzi və ya sıravi vətəndaşlar tərəfindən günlük, aylıq kirayə verilən kotec tipli yerlər və kirayə evlərin qiymətində həddindən artıq qiymət artımı var.
“Buna baxmayaraq da həmin müəssisə və ya evlərə nəzarət yoxdur. Azad bazar iqtisadiyyatı olduğu üçün həmçinin də dövlətin turizm sektorunun inkişafı üçün müəyyən layihələrin həyata keçirməsi, xarici turistlərin cəlb edilməsi baxımdan bu sahəyə sərt nəzarət yoxdur. Və bu da birbaşa olaraq sahibkarın “müəssisə mənimdir, istədiyim qiymətə təklif edərəm” deyərək yerli və xarici vətəndaşları öz siyasətinin qurbanına çevirir. İlk növbədə onu bildirim ki, qiymət artımı əsasən tələb və təklifə görə dəyişir. Lakin burada qiymət siyasəti fərqlidir.
Xüsusi ilə hava şəraitinin dözülməz olduğunu bilən sahibkar bilir ki, onsuz da vətəndaş məcbur gəlib istirahət edəcək. Bundan əlavə, həmin məkanlar minimum əmək haqqı ilə çalışan vətəndaş üçün nəzərdə tutmayıb. Orta gəlir üstü şəxslər tərəfindən yerlər aylar qabaqdan bron edilib.
Bu sektora dövlət nəzarətinə qaldıqda isə azad sahibkarlıq olduğu üçün qiymətə müdaxilə edilmir. Lakin, bir neçə qurumun birgə nəzarəti daha məqsədəuyğun hesab edilərdi.
İlk növbədə Qida Təhlükəsizliyi Gigiyena və Epidemiologiya, Dövlət vergi xidmətinin birgə nəzarəti yoxlamalar aparmalıdır. Qida zəhərlənməsi halları olur və ya antisanitar şəraitdə hazırlanır. Xidmət göstərilir lakin istehlakçıya kassa qəbzi təqdim olunmur. Və ya ümumiyyətlə vergi ödəyicisi deyil. Bu sahədə olduqca boşluqlar mövcuddur.
Bütün bunların araşdırılması və ya nəzarəti çətin görülə bilər, lakin mümkünsüz deyil.
Sosial şəbəkələrdə müxtəlif vasitələrlə reklam olunur. Müştəri bu məbləği ödəyir, bəs nə üçün vergisi sahibkar tərəfindən ödənilmir?Nəzarət edən varmı ki? həmin şəxs vergi ödəyicisidirmi?
Bundan əlavə, kommunal xidmətlər vasitəsilə təsbit etmək mümkündür. Əgər bir şəxsin faktiki yaşayış yeri varsa, kommunal öz adına olmalıdır. 5 evi varsa, beşində də qaz su işıq haqqı gəlibsə, demək, ən azı 4-nü icarəyə verib və vergidən yayınma var.
Turizmin inkişafının iqtisadi aspektlərinə qaldıqda artıq texnika, texnologiya dövrüdür, biz dünyanın qabaqcıl ölkələrinə inteqrasiya olunuruq. Onun üçün də düşünürəm ki, müəyyən sistem olmalıdır. Vətəndaşlar onlayn olaraq bron etməlidir. Otelin, kotecin və ya kirayə evlərin şəkilləri yerləşdirilməlidir, xidmətlər və qiymətlər açıq şəkildə qeyd olunmalıdır. “Booking” , “Agoda” və digər platformalardakı kimi həyata keçirilməlidir”.

Dəniz Pənahova

Избранный
10
1
tribunainfo.az

2Источники