RU

Reytinqə növbəti töhfələr

Azərbaycan klubları avrokuboklarda növbəti oyunlarına çıxıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasında “Şelburn”a, “Sabah” isə Konfrans Liqasında “Petrokub”a qalib gəlib. “Araz-Naxçıvan” isə “Aris” səfərində heç-heçə edərək adını növbəti mərhələyə yazdıran tərəf olub.

4 təmsilçidən yalnız “Zirə” mübarizəni dayandırıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Hayduk”a məğlub olaraq mübarizəni dayandırıb.

Azərbaycanın 3 klubunun uğurlu nəticəsi ölkənin UEFA reytinqindəki xallarını artırıb. Belə ki, “Qarabağ” və “Sabah” qələbəli mərhələ adladıqları üçün hərəyə 1 xal qazandırıb. “Araz-Naxçıvan”ın heç-heçəsi isə 0,500 xalla dəyərləndirilib. “Zirə”nin turnirlə vidalaşmasına görə heç-heçə ölkəyə xal qazandırmayıb.

Ümumilikdə 2,5 xal qazanan klublar reytinqə 0,625 xal əlavə edib. Azərbaycan avrokuboklarda 4 komanda ilə təmsil olduğu üçün toplanan 2,5 xal 4-ə bölünüb.

Azərbaycan reytinqdə 18.750 xalla 28-ci pillədə qərarlaşıb. Klubları avrokuboklara buraxılmayan Rusiya 18.299 xalla 29-cudur. Rusların bu mövsüm xal toplamaq imkanı olmadığı üçün Azərbaycana ən yaxın Bolqarıstandır. Bolqarlar 17.250 xalla 30-cu pillədə qərarlaşıb. Bu ölkə turnirdə 3 komanda ilə təmsil olunur – “Ludoqorets” Çempionlar Liqasında, “Levski” və “Arda” isə Konfrans Liqasında.

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində “Levski” ilə qarşılaşacaq. “Bayquşlar”ın bolqarları mübarizədən kənarlaşdıracağı halda, 30-cu sıra ilə fərqi daha da artırmaq mümkün olacaq. Bolqarıstanın digər təmsilçisi “Ludoqorets” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” kollektivi ilə qarşılaşacaq. “Arda”nın Konfrans Liqasındakı rəqibi isə Litva “Kaunas”ı olacaq.

Növbəti həftə təmsilçilərimizin yaxşı nəticələri xal ehtiyatını artırmaqla yanaşı, bolqarlarla xal fərqini də böyüdə bilər.

Azərbaycan özündən bir pillə irəlidə olan Ukrayna ilə 0.475 xallıq fərq var. Ölkə Çempionlar Liqasında “Dinamo”, Avropa Liqasında “Şaxtyor”, Konfrans Liqasında isə “Polissye” ilə təmsil olunur. Kiyev “Dinamo”su Kiprin “Pafos”, Donetsk “Şaxtyor”u Yunanıstanın “Panatinaikos”, “Polissye” isə Macarıstanın “Paks” klubu ilə üz-üzə gələcək.

Избранный
22
1
futbolpress.az

2Источники