Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutskinin başçılıq etdiyi deputatlar qrupu Rusiya Dövlət Dumasına miqrantların övladlarının Rusiya məktəblərinin yuxarı siniflərində pulsuz təhsil almasını ləğv edən qanun layihəsi təqdim edəcək.
AzEdu.az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilir ki, qanun layihəsində "Rusiya Federasiyasında təhsil haqqında" Qanuna dəyişikliklər edilməsi təklif olunur.
Dəyişikliklərə əsasən, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya məktəblərinin 10-11-ci siniflərində yalnız öz vəsaitləri hesabına təhsil ala biləcəklər. Qanun layihəsinə dair izahat məktubunda qeyd olunur ki, pulsuz təhsil yalnız müstəsna hallarda - Rusiyanın beynəlxalq müqavilələri və ya digər federal qanunlarla müəyyən edildiyi təqdirdə mümkün olacaq.
Slutskinin izahına görə, Rusiyanın bəzi bölgələrində, xüsusilə yeni tikinti rayonlarında məktəb yerlərinin kəskin çatışmazlığı müşahidə olunur:
"Cari qiymətləndirmələrə görə, ölkədə məktəblilər üçün təxminən 900 000 yer çatışmır. Təhsil müəssisələrimiz minlərlə miqrant uşağı ilə dolub. Xüsusilə 10-11-ci siniflərdə vəziyyət daha gərgindir. Müəllimlər həddindən artıq yükləniblər, nəticədə tədrisin keyfiyyəti aşağı düşür. Gəlmə, qeyri-rus şagirdlərin əksəriyyəti aşağı akademik göstəricilərə malikdir ki, bu da təlim tempini yavaşladır və yuxarı sinifdə oxuyan rus şagirdlərə mane olur. Miqrant yeniyetmələrin aqressivliyə və cinayətkarlığa meyilli olmasından danışmıram. Ən əsası isə bütün bu kütləyə dövlət tərəfindən böyük vəsait xərclənir və bu vəsait məhz rus valideynlərin cibindən çıxır".
Deputatın sözlərinə görə, təklif olunan tədbir büdcəyə və təhsil infrastrukturuna düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq.