Bir xalq o zaman güclü olur ki, onun dili dünyada tanınır. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev hələ Sovet dövründə Azərbaycan Respublikasının dövlət başçısı işlədiyi müddətdən başlayaraq Azərbaycan dilinin inkişafına böyük diqqət və qayğı göstərmiş, bu dilin yad təsirlərdən, ərəb-fars mənşəli sözlərdən təmizlənərək gözəl bir musiqi dilinə çevrilməsində mühüm rol oynamışdır. Dahi şəxsiyyət dilimiz haqqında belə deyirdi: "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngi olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik." Ulu Öndər harada olursa olsun — istər xarici ölkələrdə səfərdə, istər ölkə daxilində, istər elm adamları ilə, gənclərlə, musiqiçi və şairlərlə, istərsə də zəhmətkeş insanlarla görüşlərində dilimizin zənginliyindən söz açır, onu inkişaf etdirməyə çağırırdı. Heydər Əliyev 1994-cü il 31 avqustda Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə belə deyirdi: "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var." Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il 5 noyabrda Prezident Sarayında keçirilən iclasında demişdir: "Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə — Azərbaycan dili ilə — hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb." Ulu Öndərin ən böyük amalı dilimizi Azərbaycan gəncliyinə sevdirmək və onu inkişaf etdirmək idi. 1996-cı il 2 fevralda Respublika Sarayında keçirilən Azərbaycan Respublikası Gənclərinin I Forumunda belə deyirdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz." Heydər Əliyev bütün çıxışlarında olduğu kimi, 1996-cı il 6 noyabrda Türk dünyası yazıçılarının III qurultayında çıxışında da fəxrlə belə demişdir: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik." Heydər Əliyev xarici səfərlərdə, orada yaşayan azərbaycanlılarla görüşlərində də dilimizi yaymağı və yaşatmağı təbliğ edirdi. O, 1998-ci il 22 iyulda Londonda Azərbaycan səfirliyində azərbaycanlılarla görüşərkən çıxışında belə demişdir: "Millətin mənliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin mənliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz." Heydər Əliyevin elə bir çıxışı, elə bir görüşü olmazdı ki, orada dilimizdən söhbət açılmasın. 1998-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda o, dilimiz haqqında belə deyirdi: "Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir — Azərbaycan dilidir. Bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır." 2000-ci il Bilik Günündə Bakının Nərimanov rayonunda yerləşən 82 saylı pilot orta məktəbdə keçirilən toplantıda iştirak edən Heydər Əliyev şagirdlərə belə demişdir: "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədədir — yəni onun qrammatik quruluşu və digər sahələri yüksək səviyyədə inkişaf etmiş bir dildir." Heydər Əliyevin dil haqqında fikirlərindən cild-cild kitablar yazmaq olar. Bu gün biz fəxrlə deyə bilərik ki, dövlətimiz dilimizə böyük qayğı göstərir. Prezidentimiz fəxrlə deyir: "Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir."
Cəmilə Nəcəfova YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT-nin sədrinin müavini