RU

Erməni Kilsəsi ideoloji mərkəzdir, sıradan çıxarılmalıdır - TƏHLİL

Cənubi Qafqazda sabitliyin bir şərti qaldı

Rusiya Azərbaycana qarşı təxribatlarını davam etdirir. Son günlərdə Moskvada təşkil olunmuş tədbirlərdə erməni lobbisinin təşkilatçılığı ilə tarixin zibilliyinə atılmış qondarma rejimin əski parçasını "dalğalandıranlar" peyda olub. Kremlin köhnəlmiş "Qarabağ kartı"nı yenidən işə salması Bakıya təzyiqlə yanaşı, Nikol Paşinyan hökumətinə də təhdiddir.

Göründüyü kimi Moskva Bakı və İrəvana qarşı informasiya müharibəsindən tutmuş psixoloji təsir vasitələrinə qədər istifadə etməkdədir. Bununla Kreml həm də Ermənistandakı revanşist qüvvələri dəstəklədiyi görüntüsünü formalaşdırır. Məsələ ondadır ki, Rusiya sözdə neytrallıq iddiası irəli sürsə də, faktiki olaraq erməni separatizminə və təxribatlara şərait yaradır. Bu cür addımlar Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmaqla yanaşı, regionda sülh səylərinə də ciddi zərər vurur. 

Siyasi şərhçi, hüquqşünas Polad Mehdiyev Sherg.az-a deyib ki, Rusiyanın paytaxtında qondarma separatçı "bayrağının" qaldırılmasını təsadüf kimi, yaxud erməni icmasının öz təşəbbüsü kimi qiymətləndirmək sadəlövhlük olardı. Ekspert diqqətə çatdırıb ki, hər hansı mitinqin, toplantının təhlükəsizliyini təmin edən və ona icazə verən aidiyyəti qurumlar, hüquq-mühafizə orqanlarıdır: 

"Moskvada keçirilən tədbirlərdə hansı bayraqların qaldırılması ilə bağlı məlumatlar var idi və qarşısı dərhal alına bilərdi. Qarşısı alınmadısa belə, Rusiya tərəfi rəsmi şəxslərin diliylə buna münasibət bildirməliydi. Aydındır ki, uzun müddət separatçı rejim Rusiya və ümumiyyətlə, regiona marağı olan digər dövlətlər üçün alət rolunu oynayıb. Bu alətdən müxtəlif dövrlərdə və müxtəlif məqsədlər üçün istifadə ediblər. Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən və antiterror tədbirlərindən sonra separatçı rejimin heç bir əhəmiyyəti qalmadı. Artıq bu məsələdən Bakıya təsir göstərmək, təzyiq vasitəsi kimi itifadə etmək mümkün deyil. Əslində, Rusiyanın və digər dövlətlərin regionda, Ermənistanda əsas aləti erməni Kilsəsidir. Kilsə hazırda separatçı rejimin maraqlarını müdafiə edir. O cümlədən, revanşist niyyətdə olan ermənilərin, həmçinin diasporun maraqları Kilsə üzərində əks olunur. İllərdir regionun əziyyət çəkdiyi erməni ideologiyası, erməni xisləti bu gün məhz Kilsənin simasında özünü qoruyub saxlayır". 

Politoloq vurğulayıb ki, Vətən müharibəsi ilə Cənubi Qafqazda geriyədönülməz sabitlik yarada, təhlükəsizliyimizi təmin edə bildik. Onun qədər ikinci mühüm məsələ erməni Kilsəsinin sıradan çıxarılması olmalıdır: 

"Daha doğrusu, Kilsə siyasi-ideoloji mərkəz olmaqdan çıxmalı, normal dini mərkəz halına gəlməlidir. Regionda sabit və stabil sülhün bərpa olunmasına mane olan ən başlıca amil erməni Kilsəsidir. Cənubi Qafqaz dünyada maraqların toqquşduğu ən vacib nöqtələrdən biridir. Rusiya-Ukrayna müharibəsi səbəbindən həmin istiqamətdən olan bütün kommunikasiya xətləri, ticari yollar bağlanıb. Alternativ yol kimi Cənubi Qafqazın, Orta Dəhlizin, Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Belə bir vəziyyətdə Cənubi Qafqazda bütün maraqlı güclərin - Rusiya, İran, Fransa və ABŞ-nin öz maraqlarını realizə edə biləcəkləri yeganə ölkə Ermənistandır. Ermənistanda qarşıdan seçkilər gəlir. Seçkilər ərəfəsində Rusiya, o cümlədən İran bütün kartlarını oynamağa çalışacaq. Bu kartlardan ən başlıcası erməni toplumuna verilən mesajdır. Məlumdur ki, Paşinyan hökumətinin siyasi reytinqi nisbətən aşağı düşüb. İrəvan hökuməti Kilsə ilə toqquşma vəziyyətindədir. Erməni dövlətinin tarixi uzun olmasa da, erməni Kilsəsinin tarixi daha qədimdir. Kilsə ilə hökumətin toqquşması fonunda Rusiya erməni cəmiyyətinə mesaj verərək öz siyasi məqsədlərinə çatmaq istəyir. Bir nüansı xatırladım ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri zamanı Ermənistana ərazi bütövlüyünün təminatını vermişdi. Ermənistana qarşı hansısa kənar müdaxilənin Rusiya tərəfindən qarşısının alınacağını bildirmişdi. Bu gün həmin separatçılar və Kilsə elə bir təbliğat aparır ki, guya Azərbaycandan Ermənistanın ərazi bütövlüyünə təhlükə var. Məhz Rusiya vaxtı ilə həmin tezisi səsləndirmişdi".
Избранный
27
1
sherg.az

2Источники