RU

Arif Babayevin Ağdamdakı evi BƏRPA OLUNUR

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Ağdamın deputatı Aqil Abbas muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı ilə bağlı Modern.az-a danışıb.

Deputat bildirib ki, ustad sənətkar onun yaxın dostu olub və xəstəliyinin ağırlaşdığını son görüşlərindən hiss edib:

“Arif müəllim muğamın ağsaqqalı, korifeyi idi. Yaxın dost olmuşuq. Srağagün xəstəxanaya getmişdim, elə onda başa düşdüm ki, vəziyyəti yaxşı deyil. Allah rəhmət eləsin… Onun zəngin irsi var, bu irs daim yaşayacaq”.

Aqil Abbas Arif Babayevin Ağdamda yerləşən evinin də tezliklə bərpa ediləcəyini qeyd edib:

“Arif müəllimin evi Ağdamda, Xıdırlı kəndində idi. Həmin kənd şəhərə bitişikdir. İndi Xıdırlı bərpa olunur. Arif müəllimin evi də yaxın zamanda tikilib bərpa ediləcək. Yəqin ki, orada onun adına bir muzey də yaradılar”.

Millət vəkili bildirib ki, Arif Babayevlə illərlə davam edən dostluğu dövründə bir çox unudulmaz xatirələr yaşayıb. Sənətkarın son zamanlar səhhətindəki problemləri nəzərə alaraq, onu narahat etmək istəmədiyini də vurğulayıb:

“Onunla çox söhbətim, xatirəm var. Son vaxtlar xəstə idi, zəng edim incitmək istəmirdim. Amma qardaşı Akif Babayevlə tez-tez danışırdım. Xəstəxanada olanda da əlaqə saxlayırdıq”.

Arif Babayevin şəxsi keyfiyyətlərini də yüksək dəyərləndirən Aqil Abbas onun hazırcavab, gülərüz və yumor hissi güclü insan olduğunu deyib. Bu xüsusda maraqlı bir xatirəsini də bölüşüb:

“Arif Babayev çox gülərüz, hazırcavab, yumorlu adam idi. Bir dəfə ondan soruşdum ki, cavan müğənnilərin hərəsinin yanında 5-6 cangüdəni var. Amma nə sən, nə də Alim Qasımovun ətrafında cangüdən yoxdur. Halbuki siz də imkanlı adamlarsınız. Dedi: ‘Biz oxuyuruq, kimin bizimlə nə işi var? Amma onlar oxuya bilmir, qorxurlar ki, kimsə onları görəndə üstünə çığıra”.

Aqil Abbas açıqlamasının sonunda Arif Babayevin Azərbaycan musiqi sənətindəki əvəzolunmaz rolunu vurğulayıb və onun adının gələcək nəsillər tərəfindən də daim hörmətlə anılacağına əminliyini ifadə edib. 
 

Избранный
21
21
modern.az

10Источники