BAKI, 1 avqust. TELEQRAF
Azərbaycan UEFA-nın reytinq cədvəlində mövqeyini möhkəmləndirib.
Teleqraf xəbər verir ki, avrokubok həftəsindən sonra Azərbaycan 18.750 xalla 28-ci sırada qərarlaşıb.
29-cu pillədə olan Rusiyanın 18.299, 27-ci olan Ukraynanın isə 19.225 xalı var.
Azərbaycan təmsilçilərinin cari mövsümdə qazandığı xallarının sayı isə 1.625-ə yüksəlib.
Bu həftə Azərbaycan klublarından "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın "Şelburn" komandasını minimal hesabla məğlub edib - 1:0. Ağdam təmsilçisi növbəti mərhələdə Şimali Makedoniya "Şkendiya"sı ilə qarşılaşacaq.
"Sabah" UEFA Konfrans Liqasında evdə Moldovanın "Petrokub" komandasını darmadağın edib - 4:1. "Bayquşlar" III mərhələdə Bolqarıstanın "Levski" kollektivi ilə üz-üzə gələcək.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə heç-heçə edib - 2:2. Bakıda 2:1 hesabı ilə qələbə qazanan Naxçıvan təmsilçisi mərhələ adlayıb. "Qırmızı qurdlar"ın növbəti sınağı Kiprin "Omoniya" klubu olacaq.
"Zirə" isə "Hayduk"la Xorvatiyada təşkil olunan matçın əlavə hissəsində uduzub - 1:2. Bakıda Split təmsilçisi ilə 1:1 hesablı heç-heçəyə qalan "qartallar" avrokuboklarda vidalaşıb.