“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya komandaları arasında Splitdə keçirilmiş cavab oyununda meydan sahibləri əlavə vaxtda 2:1 hesablı qələbəni təmin ediblər.
Bakıdakı ilk görüş 1:1 hesabıyla bitdiyi üçün “Hayduk” növbəti mərhələyə adlayıb, “Zirə” isə mübarizəni dayandırıb. Rəşad Sadıqov komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Futbolçularıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Onlar bu gün mübariz oyun sərgilədilər. Baxmayaraq ki, səfərdə güclü rəqibə qarşı oynayırdıq. Lakin onlara qarşı təzyiq göstərməyə başlamışdıq. Qarşılaşmanın əvvəlində bu, bizdə çox yaxşı alınırdı. Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq, hücumlarımız davam edirdi və qol vuraraq hesabı bərabərləşdirdik.
Qarşılaşmanın əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi. Daha sonra rəqib komandanın futbolçusu cərimə zərbəsindən çox gözəl qol vurdu. Oyundan qopmaq istəmədik, hesabı bərabərləşdirmək üçün cəhdlər etdik. Təəssüf ki, bu dəfə bizdə alınmadı”.