İyul ayının 31-də Pirallahı Rayon Ağsaqqallar Şurasınınhesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələridüzüblər.
Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayan Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov öz hesabat məruzəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, ötən dövr ərzində rayon ağsaqqalları vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin və fiziki aktivliyin təşviqi, narkomaniyanın fəsadları, erkən nikahların cəmiyyətə təsiri və digər aktual mövzular üzrə maarifləndirici tədbirlərdə fəal iştirak etmiş, gənclərin tərbiyə və inkişafında əhəmiyyətli rol oynamışlar. Bununla yanaşı, xüsusi günlərdə rayon ağsaqqalları Pirallahı Rayon İcra Hakimiyyəti ilə birgə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının ziyarətində daima fəallıq göstərmişlər. Əli Kərimov geniş hesabatında, həmçinin, qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan fəaliyyət istiqamətləri barədə də məlumat verərək, ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində üzərlərinə düşən vəzifələri daim yüksək səviyyədə yerinə yetirəcəklərini vurğulayıb.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvləri Fazil Məhəmmədov, Sevda Alxasova və İlqar Məmmədli görülmüş işlər barəsində geniş məlumat verərək, ölkəmizdə ağsaqqallıq institutunun cəmiyyət tərəfindən hər zaman yüksək dəyərləndirildiyini vurğulayıblar. Qeyd ediblər ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ailə və cəmiyyət institutunun möhkəmləndirilməsində, gənc nəslin tərbiyəsində ağsaqqalların rolu danılmazdır və bu gün də həmin ənənə uğurla davam etdirilir. Natiqlər, həmçinin, bu yüksək ada və ictimai etimada uyğun fəaliyyət göstərməyin hər bir ağsaqqal üçün həm məsuliyyət, həm də fəxr mənbəyi olduğunu qeyd edərək, qarşıda duran vəzifələrin icrasında daha da fəal olacaqlarını, rayonun ictimai-mədəni həyatında iştiraklarını davam etdirəcəklərini bildiriblər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamlarını və xoş arzularını konfrans iştirakçılarına çatdırıb. Çıxışında Pirallahı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirən natiq təşkilat üzvlərinin daim fəallıqları, eləcə də vətənpərvərlik ruhunda həyata keçirdikləri tədbirlər və gənc nəslin tərbiyəsində əhəmiyyətli rolları ilə fərqləndiklərini vurğulayıb. O, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti barədə ətraflı məlumat verərək qeyd edib ki, Şura öz işini Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin cəmiyyətimizdə daha geniş şəkildə təbliğ edilməsi istiqamətində uğurla davam etdirir. Əhliman Əmiraslanov çıxışında müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, habelə həmin torpaqlara mərhələli şəkildə vətəndaşların qayıdışından bəhs edərək bu proseslərin ölkəmizin davamlı inkişafı və vətəndaş rifahının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Natiq cəmiyyətin qarşısında duran sosial-mənəvi məsələlərə də toxunaraq, ailə institutunun zəifləməsi, narkomaniya və digər pis vərdişlərin, erkən və qohumlar arasında bağlanan nikahların yaratdığı təhlükələr barədə narahatlığını ifadə edib. Bu halların qarşısının alınmasında ağsaqqalların maarifləndirici fəaliyyətinin xüsusi rol oynadığını bildirərək, onların bu istiqamətdə həyata keçirilən işlərdə daha da fəal iştirak etmələrinin vacibliyini vurğulayıb. Sonda Əhliman Əmiraslanov Pirallahı Rayon Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı məmnunluğunu bir daha ifadə edərək, bütün iştirakçılara möhkəm cansağlığı, yeni-yeni uğurlar və ictimai fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıb.
Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Ağsaqqallar Şurasının rayonun ictimai həyatında oynadığı mühüm roldan bəhs edərək vurğulayıb ki, Pirallahı rayonunun ağsaqqalları uzun illərdir zəngin həyat təcrübələri, müdrik məsləhətləri və nümunəvi həyat yolları ilə gənc nəslin milli dəyərlər əsasında tərbiyəsinə və vətəndaşlıq mövqeyinin formalaşmasına əhəmiyyətli töhfələr verirlər. Qeyd edib ki, rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında, ictimai maarifləndirmə tədbirlərində, eləcə də şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdə ağsaqqalların fəallığı və dəstəyi daim yüksək qiymətləndirilir. Sonda Vasif İmanov Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, onların gələcəkdə də rayonun inkişafında, ictimai həmrəyliyin möhkəmləndirilməsində və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib, Şura üzvlərinə möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
NAMİQ