Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Hələ 2011-ci ildə Suriya vətəndaş müharibəsindən əvvəl Türkiyə və Suriya təbii qaz ticarəti və transsərhəd enerji infrastrukturu ilə bağlı ilkin razılaşmalar imzalamışdı, lakin sonradan bu müqavilələr müharibənin başlaması səbəbindən dayandırıldı. Qaz razılaşması dekabrda Bəşər Əsədin devrilməsindən sonra Suriyanın yeni administrasiyası nəzarəti ələ keçirdikdən bir neçə ay sonraya təsadüf edir. İndi isə Türkiyənin ən cənubundan, Suriya sərhədinə yaxın bir vilayətdə, Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixrac ediləcək. Bu, Suriyanın kəskin enerji ehtiyaclarını ödəmək üçün şimal boru kəməri ilə təbii qazın tədarükü barədə razılıqdır. Bununla da Azərbaycan qazından faydalanan ölkələrin sayı on üçə çatdı.
Məsələ ondan ibarətdir ki, Suriyanın elektrik şəbəkəsi və infrastrukturu təxminən on dörd illik qarşıdurma zamanı məhv edilib. Böyük şəhər mərkəzləri də daxil olmaqla əksər regionlar gündə iyirmi saatdan çox davam edən elektrik kəsintilərinə dözməkdə davam edir. Yeni administrasiya əsas infrastrukturun yenidən qurulmasına və yanacaq təchizatının təmin edilməsinə üstünlük verir.
Qazla zəngin Azərbaycanla Türkiyə arasında çoxdankı müttəfiqlik, icra edilən meqa layihələr məlumdur. Azərbaycan indi də Suriyanın yeni administrasiyası ilə sıx əlaqələr saxlayır. Türkiyə vasitəsilə razılaşdırılan saziş Suriyaya təbii qaz tədarükünü nəzərdə tutur və rəsmi Bakının ölkənin iqtisadi dirçəlişində artan iştirakında mühüm addımdır. Qaz ixracımızın şaxələndirilməsi həm də xarici siyasət coğrafiyasının genişləndirilməsi deməkdir."
İbrahim Məmmədli