"Bəlkə də birinci oyundakı hesabın cavab matçındakı oyunumuza təsiri oldu".
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərə açıqlamasında deyib.
Müdafiəçi Bakıda İrlandiyanın "Şelburn" klubuna qalib gəldikləri (1:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması haqqında fikirlərini bölüşüb: "Rəqibin geridönüş etməyə çalışacağını düşünürdük. Bunun üçün də çalışırdılar. Bizə qarşı yaxşı hazırlaşmışdılar. Xüsusən də ikinci matçda. Buna baxmayaraq istədiyimiz nəticəni əldə etdik".
Mustafazadə arenanın ot örtüyünün növbəti mərhələdə komandaya çətinlik yaratması ehtimalına toxunub: "Haqlısınız. Ot örtüyünün vəziyyəti əvvəlki vaxtlarla müqayisədə bir az pisdir. Amma edə biləcəyimiz bir şey yoxdur. Necədirsə, elə də oynayacağıq".
Oyunçu komandanın meydanda bir az ağır çıxış etməsinin səbəblərini də açıqlayıb: "Ola bilər ki, istinin də təsiri olsun. Həm də ikinci matçımız idi. Zaman keçdikcə daha yaxşı formaya düşəcəyik"
O, ən azı Konfrans Liqasında əsas mərhələni təmin etdiklərini xatırladıb: "Əlbəttə ki, hədəf bu deyil. Çempionlar Liqasında əsas mərhələni istəyirik. Bunun üçün mübarizə aparacağıq".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
İdman.biz