RU

Paşinyan çətin sınaq qarşısında

Gənclərin 63 faizi gələcək seçkilərdə iştirak etmək istəmir

Ermənistanda siyasi müstəvidə yaşanan gərginlik sosial-iqtisadi müstəviyə keçərək keçmiş hərbi xunta ilə Nikol Paşinyan iqtidarı arasında münasibətləri daha da gərginləşdirib.

Məlumdur ki, müharibədəki məğlubiyyət, xüsusilə anti-Rusiya mövqeyi, kilsəyə qarşı açıq mübarizə, həbslər baş nazirin ölkə daxilində mövqelərini sarsıdıb. 

Bu səbəbdən də erməni siyasi qüvvələri daxilində fəal müzakirələr gedir. Başda Robert Koçaryan olmaqla keçmiş hərbi xunta ölkədə qasırğa kimi cərəyan edən siyasi böhrandan yararlanmaq istəyir. Bu da səbəbsiz deyil. Beynəlxalq Respublika İnstitutunun 2025-ci ildə Ermənistanda keçirdiyi ictimai rəy sorğusunun nəticələri ölkənin daxili siyasi mənzərəsinin kifayət qədər narahat bir tablosunu ortaya qoyur. Rəqəmlər göstərir ki, Ermənistan cəmiyyəti, xüsusən gənc nəsil həm mövcud hakimiyyətə, həm də müxalif qüvvələrə qarşı dərin inamsızlıq içindədir. Sorğuya əsasən, iştirakçıların 49 faizi ölkənin səhv istiqamətdə olduğunu düşünür. Bu rəqəm özü-özlüyündə narahatlıq doğursa da, daha ciddi məqam odur ki, elə qənaətə gələnlərin əhəmiyyətli hissəsini 18-35 yaşlı gənclər təşkil edir. Bu yaş qrupu eyni zamanda həm ictimai dinamizmin əsas daşıyıcısı, həm də gələcək siyasi proseslərin əsas iştirakçılarıdır. Gənclərin 63 faizi hansı partiyanı dəstəkləyəcəyinə qərar verməyib və seçkilərdə iştirak etmək niyyətində deyil. 

Siyasi liderlərə və partiyalara olan etibar da dərin böhran içindədir. Respondentlərin yalnız 13 faizi baş nazir Nikol Paşinyanı dəstəklədiyini bildirib. Ən diqqətçəkən göstərici isə odur ki, 61 faiz heç bir siyasi liderə etibar etmədiyini qeyd edib. Beləliklə, Ermənistanda siyasi sistemin yuxarıdan deyil, cəmiyyətin içindən boşaldığı müşahidə olunur.

Təhlükəsizlik, iqtisadi sabitlik və sosial təminatlar da cəmiyyətin əsas gözləntiləri olaraq qalır. Sorğuda iştirak edənlərin 44 faizi üçün sərhədlərin təhlükəsizliyi əsas prioritetdir. Bu isə postmüharibə dövründə Ermənistan cəmiyyətinin geosiyasi reallıqları qəbul etməyə başladığını, lakin bu prosesin hələ də tam formalaşmadığını göstərir.

Azərbaycanla sülh müqaviləsinə münasibət də ziddiyyətlidir. Ümumi göstəricilərə görə, 47 faiz sülhü dəstəkləyir,  40 faiz isə ona qarşı çıxır. Lakin yaş üzrə təhlil göstərir ki, yaşlı nəslin 58 faizi sülhün tərəfdarı olduğu halda, gənclərin yalnız 38 faizi bunu dəstəkləyir. 48 faiz isə barışın əleyhinədir. 

Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Избранный
22
azerbaijan-news.az

1Источники