RU

Türkiyədə qan davasına görə Azərbaycana saxta pasportla gəlmək istəyən şəxsə cəza verildi

Sədərək Rayon Məhkəməsində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhddə təqsirləndirilən Türkiyə vətəndaşı Abdulla Saffet (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 11 ay müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Türkiyə vətəndaşı, 1996-cı il təvəllüdlü Abdulla Saffet qanunsuz olaraq Azərbaycana gəlmək üçün özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə Türkiyə ərazisində istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış Türkiyə Respublikasına məxsus pasportu qəsdən, qanunsuz olaraq əldə edib. O, 04 aprel 2025-ci il tarixdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gəlib, həmin gün, saat 20:20 radələrində sözügedən saxta pasportla Türkiyədən Azərbaycan istiqamətində keçməyə cəhd edib. Lakin Abdulla Saffet Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


Məhkəmə iclasında dindirilmiş Abdulla Saffet elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, 2025-ci ildə Türkiyədə olan qan davalarının olması və azərbaycanlı qadınla ailə qurmaq məqsədi ilə Azərbaycana gəlmək istəyib. Pasportu olmadığı üçün Türkiyənin İstanbul şəhərində tanımadığı bir nəfərə 2021-ci ildə 5 min türk lirəsi müqabilində anket məlumatları və fotoşəkli özünə məxsus olan pasport düzəltdirib.

Kamal Məmmədov 

Tarix: 31 İyul 2025, 08:55   
Избранный
28
pravda.az

1Источники