RU

Okean sahilində yaşayanlar daha uzunömürlü olurlar

Alimlər uzunömürlülüklə insanın yaşadığı su hövzəsi arasında əlaqə tapıblar. Məlum olub ki, çaylar və göllərin ətrafında yaşamaqdan fərqli olaraq, okeanların yaxınlığında yaşamaq ömrü uzadır. Bununla bağlı Ohayo Dövlət Universitetinin alimləri tədqiqat aparıblar.

Tədqiqat qrupu okeanlara, körfəzlərə, göllərə və çaylara yaxınlığın gözlənilən ömür uzunluğuna necə təsir göstərə biləcəyini öyrənmək üçün Amerika Birləşmiş Ştatları üzrə 66 mindən çox fakt üzrə məlumatları təhlil ediblər. Nəticələr “Environmental Research” jurnalında dərc olunub.

Yaşayış yerləri arasındakı fərq, sözün həqiqi mənasında, illərlə ölçülüb. Belə məlum olub ki, okean və ya dəniz körfəzindən 50 kilometr məsafədə yaşayan sakinlər orta hesabla bir ildən də artıq uzun ömür sürürlər. ABŞ-da orta ömür uzunluğu 79 il olduğu halda, sahilyanı ərazilərdə yaşayanlar 80 il və ya daha çox yaşaya biliblər. Ancaq daxili su obyektlərinin – çaylar və göllərin yaxınlığında yaşayanlar, xüsusən də həyatını şəhərlərə bağlayanlar, əksinə, daha az yaşayırlar - təxminən 78 il.

Səbəblər ekoloji və sosial amillərin kompleks təsiri ilə izah olunur. Okean və dəniz sahili bölgələri daha mülayim iqlimə, daha az isti günlərə, daha yaxşı hava keyfiyyətinə, daha yüksək gəlirlərə və fiziki fəaliyyət üçün daha çox imkanlara malikdir. Belə ərazilər inkişaf etmiş infrastruktura və daha az quraqlıq riskinə malikdir. Lakin çayların və göllərin yaxınlığındakı şəhərlərdə daha çox çirklənmə, yoxsulluq olması, yaşıllıq və gəzinti sahələrinin olmaması, eləcə də zaman-zaman daşqın riski olur.

Ohayo Dövlət Universiteti alimlərinin tədqiqatı müxtəlif su növlərinin uzunömürlülüyə təsirini sistematik şəkildə müqayisə etmək üçün aparılmış ilk böyük araşdırmadır. Əvvəllər çoxlarına məlum idi ki, suya yaxınlıq piylənmə riskini azalda və ürək sağlamlığını yaxşılaşdıra bilir. İndi tədqiqatçılar dəqiqləşdiriblər ki, şərt yalnız su yaxınlığında yaşamaq deyil, həm də hansı su hövzəsinə yaxın yaşamaqdır.

Qeyd edək ki, daha əvvəl “Science Mail” nəşri kimi dünyanın ən yaşlı adamı hesab etdiyi, onun həyat və vərdişlərinin uzunömürlülüyün sirlərini açmağa kömək edə biləcəyi barədə yazı dərc etmişdi.

P.ƏMİRCANOV
XQ

Избранный
47
xalqqazeti.az

1Источники