RU

İcbari tibbi sığorta fondunun keçirdiyi satınalmalarda nöqsanlar aşkarlanıb

İcbari tibbi sığorta fondu son 2 ildə 277 satınalma keçirib. Həmin satınalmalar nəticəsində 757136,3 min manat dəyərində müqavilə bağlanılıb.2023-2024-cü illərdə cəmi satınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının İcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrası ilə bağlı auditinin nəticələrində qeyd edilir.

Ümumiyyətlə, keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin aşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, bir sıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, il daxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eyni podratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilə nisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamış baha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsünün uyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramları çərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdən və Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınması satınalmaların effektivliyini aşağı salan amillərdən olmuşdur.

Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilmişdir.

Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmamışdır. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaratmışdır.

Toplanmış audit sübutları bəzi hallarda Agentlik tərəfindən tibbi alışların həyata keçirilməsi prosesində qiymətləndirmələr zamanı əsas şərtlər toplusunda göstərilməyənamillərin əsas götürüldüyünü göstərir. Bu, hüquqi aktın tələbinin pozulması ilə yanaşı, ehtiyacların ödənilməsində qənaətli hesab edilməyən yanaşmaların tətbiqi ilə nəticələnmişdir.

Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin il daxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırmışdır. Alışlar zamanı müvafiq podratçılara 127,6 mln. manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırmışdır.

Избранный
82
3
teleqraf.com

10Источники