RU

Tehrandan sərt Zəngəzur açıqlaması – Bakı nə cavab verəcək?

Son günlər İranın Zəngəzur dəhlizi ilə bağlı ritorikasında yenidən sərtləşmə müşahidə olunur. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü dəhlizlə bağlı fikirlərini açıqlayıb. Daha da diqqətçəkəni isə İranın ali rəhbəri Əli Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin məsələ ilə bağlı səsləndirdiyi sərt və açıq mesajlardır.

Təhlilçilər hesab edirlər ki, Tehran yenidən bölgədə aktiv mövqe tutmağa çalışır və xüsusilə Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizi layihəsini öz milli maraqları kontekstində qiymətləndirir.

Bəs İranın bu cür çıxışları Bakıda necə qarşılanır?

Azərbaycan regional əməkdaşlığı və tranzit imkanlarını genişləndirmək istədiyi bir vaxtda, Tehran rəsmilərinin sərt ritorikası hansı geosiyasi hədəflərə xidmət edir? İran tərəfi bölgədə hansı mövqeləri qorumağa çalışır və bu, Bakı üçün nə anlam daşıyır?

Editor.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, həmçinin Türkiyə və Mərkəzi Asiya türk dövlətləri ilə yüksələn əlaqələr, Türk Dövlətləri Təşkilatının güclənməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu İranı ciddi şəkildə narahat edir:

“İranda yaşayan azərbaycanlılar məsələsi də Tehranda narahatlıq yaradan məqamlar arasındadır. Regional və qeyri-regional aktorlar arasında hökm sürən problemlər və fikir ayrılıqları səbəbindən Zəngəzur dəhlizinin taleyi ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.

Məsələn, İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa, Ermənistanla sərhədləri bağlanacaq, bu da İravana təsir və ondan istifadə imkanlarını azaldacaq.Amma İran anlamalıdır ki, dəhlizin fəaliyyətə başlaması ona bir çox faydalar da gətirə bilər. Çünki Zəngəzur dəhlizinin faydalarından regional dövlətlər də yararlana biləcəklər.
İranla yaxşı münasibətlərə malik Ermənistan isə bu vaxta qədər Zəngəzur dəhlizinin həyata keçirilməsini sabotaj etməklə məşğuldur”.

Siyasi şərhçinin sözlərinə görə, İkinci Qarabağ müharibəsinin yekunlaşmasından sonra imzalanan üçtərəfli bəyanata əsasən, Azərbaycan, Ermənistan və Rusiya Azərbaycanla Naxçıvanı birləşdirən dəhlizdə Rusiya qüvvələrinin monitorinqi ilə razılaşıb və öhdəlik götürüblər. Lakin Ermənistan Moskvanın nəzarətedici funksiyasına hazırda isti yanaşmır:

“Əslində, Rusiya da Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına razıdır, amma dəhlizə nəzarət etmək şərtilə. Yeni reallıqlar isə Kremlin bu məsələdən kənarda qaldığını deməyə əsas verir. Görünür ki, Ermənistan Rusiyanı ABŞ-la, ümumilikdə Qərblə əvəzləmək niyyətindədir.

Azərbaycan üçün isə vacib olan Naxçıvana maneəsiz marşrutu təmin etməkdir. Ermənistanın Rusiyanı kənarda qoymaq cəhdləri isə Moskvanın Tehranla razılaşmasına səbəbiyyət verib. Bundan əlavə, Ermənistan Orta Dəhlizi gücləndirən dəhlizə Qərbin nəzarətini məqbul sayır.
Azərbaycan və Türkiyə isə həm əlaqələrini gücləndirmək, həm Naxçıvana rahat və təhlükəsiz gedib-gəlmək, həm də İran marşrutunun asılılığından qurtulmaq və bununla bağlı digər faydalar üçün Zəngəzur dəhlizinin açılmasına çalışır.
İranın dəhlizə qarşı çıxmasına baxmayaraq, ölkəmizin balanslaşdırılmış və gərginlik yaratmayan xarici siyasəti əksər narahatlıqları aradan qaldıra bilər.İranın balanssız xarici siyasəti isə onun enerji ixracı və tranzit baxımından bir çox imkanlarını itirməsinə səbəb olub.

Hazırkı vəziyyətdə mümkün texniki tədbirlər İranın ziyanınadır. Artıq Tehran da anlayır ki, Ermənistan Zəngəzur dəhlizi məsələsində ikili oyun oynayır, İranla sərhədini itirməmək məsələsində qeyri-ciddidir. Eyni zamanda, Qərbə inteqrasiya etmək istəyən İrəvan İranı güclü partnyor kimi görmür. Bunun əksinə olaraq, Ermənistan hər fürsətdə Türkiyə, Azərbaycan ilə əlaqələrini bərpa etməkdə daha çox maraqlı görünür”.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники