RU

Səfir: Serbiya Azərbaycanla Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsini gözləyir - MÜSAHİBƏ

Azərbaycan və Serbiya arasında uzun müddətli dostluq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Son onilliklərdə ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələri əhatə edərək əhəmiyyətli dərəcədə güclənib. Bu əlaqələr qarşılıqlı hörmət, ərazi bütövlüyünə dəstək və qarşılıqlı əməkdaşlığı dərinləşdirmək istəyinə əsaslanır.

Serbiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Draqan Vladislavleviç “Report”a müsahibəsində ikitərəfli münasibətlərin cari vəziyyəti, yeni iqtisadi layihələr və mədəni mübadilə perspektivləri barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycan-Serbiya münasibətlərinin cari səviyyəsini və onların möhkəmləndirilmisi perspektivlərini necə qiymətləndirirsiniz?

- Münasibətlərimizin bütün sahələrdəki mövcud vəziyyətindən məmnunuq. Siyasi əlaqələrimiz etimada, qarşılıqlı hörmətə və beynəlxalq hüququn fundamental əsaslarına riayət olunmasına əsaslanır. Serbiyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı səylərə Azərbaycanın davamlı dəstəyini dərindən qiymətləndiririk. Münasibətlərimizin və dostluğumuzun davamlı inkişafına böyük əhəmiyyət veririk.

Əməkdaşlığımız hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə - yüksək vəzifəli rəsmilər arasında müntəzəm əlaqələr, qarşılıqlı səfərlər və BMT, Avropa Şurası, ATƏT, NATO Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda məhsuldar qarşılıqlı fəaliyyət vasitəsilə fəal şəkildə inkişaf edir. Bu, hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda vurğulamaq istəyirəm ki, prezidentlərimiz arasındakı şəxsi dostluq münasibətləri strateji tərəfdaşlığın ümumi inkişafına əhəmiyyətli töhfə verir.

Enerji və təhlükəsizlik sahələrində ciddi qarşılıqlı fəaliyyət səviyyəsinə nail olmuşuq. Lakin digər sahələrdə potensialımız hələ tam reallaşdırılmayıb və hər iki tərəf bir-birinin iqtisadi imkanlarını daha yaxşı anlamaq, investisiya marağını müəyyənləşdirmək və işgüzar dairələr arasında əlaqələri genişləndirmək üçün əlavə səylər göstərməlidir. Bundan əlavə, mədəni, təhsil və humanitar əlaqələrin inkişafı üçün real perspektivlər mövcuddur.

- 2024-cü ilin yekunları üzrə Serbiya və Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi nə qədərdir və bu il üçün gözləntilər necədir? Azərbaycandan hansı malları idxal edirsiniz?

- Serbiya müəssisələrinin məlumatlarına görə, ötən il ticarət dövriyyəmiz karbohidrogenlərin idxalı hesabına 512,6 milyon ABŞ dolları təşkil edib. Neft və qazdan əlavə, Serbiya Azərbaycandan gübrə də idxal edir. Ötən il imzalanmış kommersiya müqavilələrini nəzərə alaraq, bu göstəricilərin daha da artacağını gözləyirəm.

- Ölkələrimiz arasında qarşılıqlı ticarətin potensialını necə qiymətləndirirsiniz və orta müddətli perspektivdə, məsələn, 2028-ci ilə qədər hansı ticarət həcminə nail olmaq olar?

- Hesab edirəm ki, ticari-iqtisadi əlaqələrimizin uzunmüddətli perspektivdə genişləndirilməsi üçün çox əlverişli şərait mövcuddur. Lakin hər iki tərəf əlavə səylər göstərməlidir. Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təşviq və monitorinq aləti kimi mühüm rol oynayır, ancaq biznes cəmiyyətlərinin bir-birinin imkanları ilə tanış olması, forumların, sərgilərin və sahibkarların qarşılıqlı səfərlərinin təşkili kimi praktiki addımlar da vacibdir. Həmçinin, şübhəsiz ki, paytaxtlarımız arasında birbaşa aviareysin açılması əməkdaşlığın bütün istiqamətləri üçün mühüm təkan olacaq və bu, prioritetlərdən biri olaraq qalır.

- Niş şəhərində elektrik stansiyasının tikintisi layihəsi Serbiya üçün nə dərəcədə əhəmiyyətlidir və Belqrad bu layihədə Azərbaycanın iştirakına ümid edirmi?

- Hər iki tərəf artıq müvafiq hökumətlərarası sazişi razılaşdırıb və onun imzalanması üçün münasib anı gözləyir. Bu, Serbiyada ən böyük qaz elektrik stansiyası olacaq. Layihə bizim enerji təhlükəsizliyimiz və “yaşıl keçid” üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki təcrübəsini yüksək qiymətləndiririk və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihədə fəal iştirakına ümid edirik.

- Serbiya yaxın zamanda Azərbaycan qazının tədarükünü artırmaq məqsədilə Cənub Qaz Dəhlizinə qoşulmaq üçün yeni interkonnektorun tikintisinə dair planlarını elan edib. Bu layihənin həyata keçirilməsi hansı mərhələdədir?

- Serbiya və Şimali Makedoniya dövlət enerji şirkətləri yaxın zamanda iki ölkə arasında təxminən 70 km uzunluğunda yeni qaz kəmərinin tikintisi üçün hüquqi əsas yaradan Anlaşma Memorandumu imzalayıblar. Bu layihə qaz təchizatı marşrutlarının diversifikasiyasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və sərhədlərarası tranzitin sadələşdirilməsinə yönəlib. Texniki sənədlərin hazırlanması prosesi aparılır və əgər hər şey plana uyğun gedərsə, o zaman layihə 2027-ci ildə tamamlana bilər.

- Serbiya Şimali Makedoniya ilə sərhəddə bu interkonnektorun istifadəyə verilməsindən sonra Azərbaycandan nə qədər qaz idxal etməyi planlaşdırır?

- İlkin razılaşmaya əsasən, Serbiya təxminən 400 milyon kubmetr Azərbaycan qazı (qış dövründə 600 milyon kubmetrə qədər) idxal etməyi planlaşdırır. Bu həcmin 2027-ci ilə qədər 1 milyard kubmetrə qədər artırılması mümkündür. Bundan əlavə, gələcək qaz elektrik stansiyasının ehtiyacları üçün əlavə həcmlərin tədarükü müzakirə olunur.

- Daha əvvəl siz Serbiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməkdə maraqlı olduğunu qeyd etmişdiniz. Bu istiqamətdə hər hansı razılaşmalar varmı?

- Təəssüf ki, qarşılıqlı marağa baxmayaraq, hələlik nəzərəçarpacaq nəticələr yoxdur. Serbiya şirkətləri potensial imkanlara malikdir. Onlar tikinti, kənd təsərrüfatı və “ağıllı texnologiyalar” da daxil olmaqla bərpa layihələrində iştirak etməkdə maraqlıdırlar. Lakin, bizə görə, tenderlər və ərizəvermə mexanizmləri haqqında məlumat çatışmazlığı var ki, bu da onların iştirakını çətinləşdirir. Eyni zamanda, xatırladım ki, Azərbaycanın “AzVirt” şirkəti artıq Serbiyada hökumətimiz tərəfindən maliyyələşdirilən 1 milyard ABŞ dollarına qədər məbləğdə bir neçə yol infrastrukturu layihəsini həyata keçirib.

- Serbiyanın və Azərbaycanın rəsmi və işgüzar dairələrinin 2025-ci ilin ikinci yarısında qarşılıqlı səfərləri planlaşdırılırmı?

- Sentyabr ayında Bakıda yeni siyasi məsləhətləşmələr raundu, həmçinin Serbiya Respublikası Xalq parlamenti (skupşina) sədrinin səfəri planlaşdırılır. Biz, həmçinin Belqradda birgə Hökumətlərarası Komissiyanın 9-cu sessiyasının keçirilməsi tarixini müəyyənləşdirmək üzərində işləyirik. Lakin ən mühüm hadisə Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya gözlənilən rəsmi səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi olacaq. Biz Prezident İlham Əliyevi və Serbiyanın bütün səmimi dostlarını tezliklə yenidən Belqradda salamlamağa ümid edirik.

- Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini nəzərə alaraq, cəmiyyətlərimiz arasında əlaqələrin inkişafına yönəlmiş mədəniyyət, təhsil və ya turizm sahəsində yeni təşəbbüslər planlaşdırılırmı?

- Bu üç istiqamət arasında ən aktiv inkişaf edən təhsil sahəsidir. "Serbiyada sülh" təqaüd proqramı çərçivəsində hər il Azərbaycandan azı üç tələbə Serbiya universitetlərində təhsil alır. Bu il həmçinin Serbiyadan bir neçə namizəd Heydər Əliyev Beynəlxalq Qrant Proqramına müraciət edib. Ümid edirik ki, onlar Bakıda ali təhsil ala biləcəklər.

Biz, həmçinin Azərbaycan Dillər Universitetində Serb dili və mədəniyyəti Mərkəzinin fəaliyyətindən, eləcə də Azərbaycan tələbələrinin Serb dilini öyrənməyə olan marağından məmnunuq. Bundan əlavə, vizasız rejim artıq səyahətlərə kömək edir, lakin Bakı və Belqrad arasında birbaşa uçuşun başlanması real təkan verə bilər. Həmçinin bir sıra turlar təşkil edilməlidir. Çünki xalqlarımız hələ bir-birinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxşı tanış deyillər.

Bundan əlavə, biz 2025-2029-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Memorandumun imzalanmasına ümid edirik. Eyni zamanda, Belqraddakı Etnoqrafiya Muzeyi ilə Bakıdakı Milli Xalça Muzeyi, eləcə də digər mədəniyyət müəssisələri: kitabxanalar, teatrlar, teleradio şirkətləri arasında əlaqələri dərinləşdirməyi planlaşdırırıq. Ədəbi tərcümə sahəsində əməkdaşlığı davam etdirmək çox vacibdir, çünki ədəbiyyat xalqları birləşdirən və yeni üfüqlər açan güclü bir vasitədir.

Избранный
41
report.az

1Источники