Ağ Ev Rusiyaya qarşı yeni sanksiya paketi üzərində işləyir
Yaxın zamanda ABŞ Prezidenti Donald Tramp Rusiyanı cəzalandırmaq üçün çox sərt tədbirlər görə bilər. Belə ki, Ağ Evin rəhbəri Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündə Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib. ABŞ Prezidenti bu qərarında ciddi olduğunu bəyan edib. “Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp bildirib. Dövlət başçısı Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini bir daha təkrarlayıb. “Biz fikirləşirdik ki, bunu həll etmişik, sonra Prezident Putin Kiyev kimi hansısa şəhərə raketlər atmağa başlayır və qocalar evində çoxlu insanı öldürür, yaxud başqa nə isə edir”,- deyə ABŞ Prezidenti əlavə edib. Xatırladaq ki, bu ayın əvvəlində Ağ Evdə Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Putinə 50 gün möhlət verdiyini bəyan etmişdi.
Vaşinqton sərt tədbirlərə əl ata bilər, amma...
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ağ Evin budəfəki tədbirləri yalnız Rusiyanı deyil, həmçinin onun müttəfiqlərini də hədəfləyib. “Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı 10-12 gün ərzində 100%-lik tariflər tətbiq edəcəyi ilə bağlı son bəyanatı Rusiya-Ukrayna münaqişəsində və Rusiya-ABŞ münasibətlərində fərqli narrativlər yaradan ciddi bir addımdır. ABŞ Prezidentinin son bəyanatı onu deməyə əsas verir ki, Vaşinqton Moskva üzərində təzyiqləri gücləndirmək niyyətindədir. Tariflər Rusiya iqtisadiyyatına birbaşa təsir etməklə yanaşı, Çin və Hindistan kimi Rusiyanın əsas ticarət tərəfdaşlarını da hədəfləyir, bu isə qlobal ticarət dinamikasında dalğalanma yarada bilər. Trampın strategiyası iqtisadi sanksiyalar vasitəsilə Rusiyanı Ukrayna ilə sülh danışıqlarına məcbur etmək məqsədi daşıyır, lakin bunun effektivliyi sual altındadır. Rusiyanın iqtisadi dayanıqlığı və Çin kimi müttəfiqlərinin dəstəyi bu sanksiyaların effektivliyini azalda bilər. Xüsusilə, Pekin öz geosiyasi maraqlarını qorumaq üçün Moskvaya dəstəyi davam etdirməkdə qərarlıdır. Trampın qısaldılmış 10-12 günlük müddəti, danışıqlar üçün məhdud zaman pəncərəsi yaradır ki, bu da Rusiyanın mövqeyini sərtləşdirə bilər,” - deyə T.İsmayılov əlavə edib ki, ABŞ-ın bu strategiyası, qlobal ticarət müharibəsinə də səbəb ola bilər: “Çünki Rusiyanın ticarət tərəfdaşları da bu tariflərdən zərər görəcək. Ukrayna üçün bu vəziyyət, ABŞ-ın dəstəyinə baxmayaraq, danışıqlarda daha çox güzəştə getmək riskini artırır. Nəticə etibarilə, Trampın bu siyasəti Rusiya-ABŞ münasibətlərində yeni gərginlik dalğası yaradacaq, xüsusilə də sülhə nail olmaqdan daha çox iqtisadi və geosiyasi qarşıdurmanı dərinləşdirə bilər”. Ekspertin sözlərinə görə, NATO-nun Baş katibi Mark Ruttenin Trampın planını dəstəkləməsi ABŞ-ın Avropa müttəfiqlərini də bu strategiyaya cəlb etmək istədiyini göstərir. “Lakin Avropa ölkələrinin Rusiya ilə ticarətə bağlılığı, xüsusilə enerji asılılığı, bu tariflərə qarşı müqavimət yarada bilər. Qlobal ticarət zəncirlərində qeyri-müəyyənlik artır və iqtisadi qütbləşmələr dərinləşir. Trampın bu addımı, qlobal iqtisadiyyatda proteksionizmi gücləndirəcək. Bu isə Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir. Rusiyanın cavab addımları, məsələn, enerji ixracını məhdudlaşdırması və ya digər ölkələrlə daha sıx ittifaq qurması vəziyyəti daha da ağırlaşdıracaq”.
Trampın yeni sanksiya paketi
T.İsmayılov, həmçinin vurğulayıb ki, Tramp administrasiyası Rusiyanı strateji cəhətdən təcrid etmək məqsədilə yeni sanksiya paketi üzərində işləyir: “Bu paket əsasən enerji ixracına, maliyyə institutlarına və texnologiya transferinə yönələcək. Məqsəd Rusiyanın müharibə potensialını iqtisadi şəkildə iflic etməkdir. Trampın komandası bu tədbirləri beynəlxalq tərəfdaşlarla koordinasiya şəklində icra etməyi planlaşdırır. O, Çin və Hindistan kimi böyük enerji alıcılarını alternativ mənbələrə yönəltməyə çalışır. ABŞ neft bazarına müdaxilə etməklə qiymətləri aşağı salmağa və Rusiyanın gəlirlərini azaltmağa cəhd edəcək”.
Moskva seçim qarşısında...
“Tramp diplomatik vasitələrlə Ukrayna ətrafında sabitlik yaratmaq niyyətindədir. Onun təqdim etdiyi atəşkəs planı konkret müddətlərlə və ultimatum xarakterli tələblərlə müşayiət olunur. Moskva bu planı qəbul etməsə, sanksiyaların növbəti mərhələsi daha sərt olacaq. Tramp bu siyasəti NATO üzvü ölkələri ilə paralel şəkildə həyata keçirir. Ukraynaya hərbi və iqtisadi dəstək genişləndirilir. O, Putinlə birbaşa danışıq kanallarını açıq saxlayır, lakin güzəştə getməmək prinsipində qərarlıdır. Trampın sərt ritorikası Moskvanı strateji seçim qarşısında qoyur. Bu yanaşma Rusiyanı müharibəni dayandırmağa və sülh masasına oturmağa məcbur edə bilər,” - deyə T.İsmayılov bildirib.
Yunis
ABDULLAYEV