Müasir təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi əsas elementlərdən biridir. Azərbaycanda geniş tətbiq olunan Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) metodları rəsmi olaraq standartlaşdırılmış qiymətləndirmə vasitələri kimi təqdim olunsa da, onların effektivliyi və obyektivliyi geniş müzakirələrə səbəb olur. Bu məqalədə BSQ və KSQ-nin tədris prosesində niyə düzgün qiymətləndirmə metodları olmadığı izah olunur və alternativ yollar təklif edilir.
BSQ və KSQ-nin əsas funksiyası müəyyən dövrdə əldə olunan bilik və bacarıqları yekun şəkildə ölçməkdir. Lakin bu metodlar şagirdin öyrənmə prosesini deyil, yalnız nəticəsini qiymətləndirir. Diaqnostik və formatıv funksiyanı yerinə yetirmədiyindən, tədris zamanı yaranan boşluqlar aşkar olunmur. Şagirdin təfəkkür, tənqidi düşüncə və yaradıcılıq bacarıqlarını ölçməkdə çətinlik çəkir. BSQ və KSQ zamanı şagirdlər yalnız bir neçə saatlıq və ya dəqiqəlik sınaqda bütün biliyini ortaya qoymağa məcbur olur. Bu isə stress, qorxu və emosional təzyiqə səbəb olur.
Real bilik və bacarıqları tam şəkildə göstərə bilməyən şagirdlər səviyyəsindən aşağı qiymət alır, bu da onların motivasiyasını azaldır. Qiymətləndirmə daha çox yaddaş və əzbərləməyə əsaslanır, praktik tətbiqə yox. BSQ və KSQ nəticələri müəllimə şagirdin hansı hissədə çətinlik çəkdiyini dəqiq göstərmir. Bu isə dərslərin planlaşdırılmasına geri əlaqə vermir. Fərdi yanaşma və şagirdə uyğun tədris metodlarının seçilməsi üçün yetərli məlumat yaratmır.
Summativ qiymətləndirmələr adətən bütün şagirdlərə eyni tapşırıqlar verir. Lakin şagirdlərin sosial, psixoloji və zehni inkişaf səviyyələri fərqlidir. Bu fərqlilikləri nəzərə almayan qiymətləndirmə sistemi ədalətli nəticələr vermir. Əlavə resurslara çıxışı olan şagirdlər digərlərindən üstün görünə bilər, bu da sosial bərabərsizliyi dərinləşdirir.
Mütəxəssislərin fikrincə, BSQ və KSQ yerinə şagirdlər üçün daha faydalı olan metodlardan istifadə olunmalıdır. Məsələn, formatıv qiymətləndirmə. Bu qiymətləndirmə metodu davamlı və prosesə əsaslanan qiymətləndirmədir. Layihə, təqdimat, müşahidə və s.. Portfoliolar metodu şagirdin il ərzində hazırladığı işlərin toplusu ilə qiymətləndirmə metodudur. Əməkdaşlıq əsaslı qiymətləndirmə qrup işləri və qarşılıqlı rəy əsasında aparılan qiymətləndirmələr. İnkişaf yönümlü rəy qiymətləndirməsində isə şagirdə yalnız qiymət yox, həm də necə inkişaf edə biləcəyi barədə ətraflı rəy verilir.
BSQ və KSQ kimi summativ qiymətləndirmə metodları müasir tədrisin ehtiyaclarını tam qarşılamır. Bu metodlar daha çox ölçmə və sıralama funksiyasını yerinə yetirir, lakin öyrənmə prosesini inkişaf etdirmək üçün kifayət qədər çevik və adaptiv deyil. Təhsil sistemində tənqidi düşüncə, yaradıcı yanaşma və fərdi inkişafı dəstəkləyən qiymətləndirmə modellərinə keçid vacibdir. Bu yanaşma yalnız şagirdlər üçün deyil, müəllimlər və ümumi təhsil keyfiyyəti üçün də müsbət nəticələr verəcək.
Valideyn Vüsalə Vəliyevanın fikrincə, BSQ və KSQ düzgün qiymətləndirmə metodu deyil. Bu səbəbdən də şagirdlərin biliyinin qiymətləndirilməsində yeni metoddan istifadə olunmalıdır: “Mən bir valideyn olaraq hesab edirəm ki, BSQ və KSQ uşaqlarımızın biliyini və bacarığını düzgün şəkildə qiymətləndirmir. Əvvəla, bu qiymətləndirmələr yalnız bir neçə dəqiqəlik testə əsaslanır. Uşaq bir dəfə səhv edəndə, bütün illik əziyyəti qiymətlə görünməyə bilər. Halbuki o, dərsdə fəal iştirak edib, çalışıb, lakin sadəcə imtahan günü stres yaşayıb. Bu ədalətli deyil. İkincisi, bu qiymətləndirmə forması uşaqlarda qorxu və həyəcan yaradır. Onlar sadəcə "qiymət almaq" üçün əzbərləyirlər, öyrənmək üçün yox. Uşaq dərsi sevmir, qiymətə görə oxumağa başlayır. Biz valideynlər istəyirik ki, uşaqlar bilə-bilə, anlayaraq öyrənsinlər. Üçüncüsü, müəllimlər də bu qiymətləndirməyə görə bəzən uşaqları təzyiq altında saxlayırlar. Halbuki müəllimin əsas məqsədi uşağa bilik öyrətmək, onu istiqamətləndirmək olmalıdır – qiymət vermək yox. Əgər məqsəd uşağın biliyini düzgün ölçməkdirsə, onda davamlı müşahidə, tapşırıqlar, layihələr və müəllim rəyinə əsaslanan qiymətləndirmə daha faydalı olar. Çünki bu üsullar həm uşağın inkişafını göstərir, həm də onlara öyrənməyə maraq verir. Nəticə olaraq, BSQ və KSQ şagirdin real potensialını əks etdirmir. Biz valideynlər olaraq, daha ədalətli və uşağın inkişafını dəstəkləyən qiymətləndirmə metodlarının tətbiq olunmasını istəyirik”.
Təhsil eksperti Adil Vəliyev bildirib ki, təhsil sahəsində inkişaf etmiş ölkələrin qiymətləndirmə metodları fərqlidir: "Əslində, BSQ və KSQ-lər barəsində müəllimlərin söylədikləri doğrudur. Bu, düzgün qiymətləndirmə metodu deyil. Biz təhsil sahəsində inkişaf etmiş ölkələrin praktikasına baxanda görürük ki, onların qiymətləndirmə metodları fərqlidir. Məsələn, formativ, portfolio, layihə əsaslı qiymətləndirmə metodlarından istifadə edilərək şagirdlərin bilik və bacarıqları qiymətləndirilir. Bu metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir. Bəzilərində şagirdlərə müəyyən layihə təqdim olunur, onlar fərdi və ya qruplar şəkilində bunu hazırlayırlar, müəllimlər də buna əsasən qiymətləndirmə həyata keçirir. Portfolio qiymətləndirilməsində şagirdlərin tədris ili boyunca həm dərsdəki davamiyyəti, nizam-intizamı, həm də ki, dərsdəki aktivliyi nəzərə alınır və bu nəticələr imtahan göstəricilərinə təsir edir. Bu cür qiymətləndirmə metodu şagirdlərin təhsil fəaliyyətinin və marağının artmasına səbəb olur. Bunlarla yanaşı özünü qiymətləndirmə metodu da var. Lakin bizim hazırkı təhsilimiz bu metodun tətbiqinə hazır deyil. Qeyd etdiyim digər iki metodun tətbiqi ilə biz təhsil sahəsində daha yaxşı nəticə əldə edə bilərik".
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi təhsil sisteminin ən mühüm funksiyalarından biridir: "BSQ və KSQ-lər, təhsil sistemində qiymətləndirmənin ən çox istifadə olunan formalarından biri kimi şagirdlərin bilik səviyyəsini qiymətləndirmək üçün nəzərdə tutulsa da, bu mexanizmlərdə ciddi çatışmazlıqlar var. Birincisi, bu yanaşma əsasən summativ xarakter daşıyır və şagirdlərin yalnız müəyyən bir vaxt ərzində əldə etdiyi nəticələri əks etdirir. Halbuki tədris prosesinin əsas məqsədi şagirdlərin davamlı inkişafını təmin etməkdir. Bu problemlər, xüsusilə, müəllimlərin müşahidələrində və statistikalarda öz əksini tapır. Azərbaycanın təhsil qanunvericiliyinə, "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən, təhsilin məqsədi şagirdlərin intellektual, mənəvi və praktiki inkişafını təmin etməkdir. Lakin BSQ və KSQ sistemləri bu məqsədi tam şəkildə əhatə edə bilmir. Məsələn, statistika göstərir ki, son beş ildə BSQ və KSQ nəticələrinin ümumi şagird qiymətlərinə təsiri 70 faizdən çoxdur. Bu isə o deməkdir ki, şagirdlərin digər fəaliyyətləri, məsələn, dərs zamanı iştirak və formativ qiymətləndirmə, qiymətləndirmə prosesində kifayət qədər nəzərə alınmır. Belə bir vəziyyət yalnız nəticəyə yönəlmiş qiymətləndirmə mədəniyyətini təşviq edir və təhsil prosesinin əsl mahiyyətini ikinci plana keçirir. Müəllimlərin iradlarına əsasən, BSQ və KSQ-lərdə qeyri-obyektivlik hallarının baş verməsi problemlərin kökündə dayanır. Köçürmə hallarının qarşısının alınmaması, qiymətləndirmə zamanı texniki nəzarətin zəifliyi və bəzi hallarda valideyn təzyiqləri nəticələrin obyektivliyini azaldır. Bu hallar, yalnız sistemin effektivliyinə deyil, həm də təhsil müəssisələrinə olan ictimai etibara mənfi təsir göstərir".
Ekspertin sözlərinə görə, bu problemlərin həlli üçün daha obyektiv və çoxşaxəli qiymətləndirmə metodlarına ehtiyac var: "Formativ qiymətləndirmə burada əsas çıxış yolu kimi qəbul edilə bilər. Formativ qiymətləndirmə davamlı müşahidələr, dərs içi tapşırıqlar, qrup işləri və şagirdin il ərzindəki inkişafını qiymətləndirən yanaşmadır. Bu yanaşma yalnız nəticəyə deyil, həm də prosesə diqqət yetirir. Məsələn, inkişaf etmiş təhsil sistemlərində, xüsusilə Finlandiyada, qiymətləndirmə əsasən formativ metodlara əsaslanır və bu, şagirdlərin daha çox öyrənməyə yönəlməsini təmin edir. Layihə əsaslı yanaşma da şagirdlərin bilik və bacarıqlarını daha dəqiq qiymətləndirmək üçün effektiv mexanizmdir. Bu metodda şagirdlərə real həyat problemlərini həll etməyi əhatə edən layihələr tapşırılır. Nəticə etibarilə, onların yalnız nəzəri bilikləri deyil, həm də praktiki bacarıqları və tənqidi düşünmə qabiliyyətləri qiymətləndirilir. Sinqapur təhsil sistemində layihə əsaslı qiymətləndirmə geniş şəkildə tətbiq olunur və bu, ölkənin beynəlxalq təhsil reytinqlərində yüksək mövqedə olmasına şərait yaradır. Texnologiyanın qiymətləndirmə prosesinə inteqrasiyası da mühüm bir yanaşmadır. Rəqəmsal platformalar vasitəsilə şagirdlərin davamlı olaraq qiymətləndirilməsi və nəticələrin şəffaf bir şəkildə qeydə alınması daha obyektiv və dəqiq nəticələr əldə etməyə imkan verir. Məsələn, ABŞ-də istifadə edilən onlayn qiymətləndirmə platformaları yalnız şagirdlərin nəticələrini qeyd etmir, həm də onların inkişafını izləməyə imkan yaradır".
Ümumiyyətlə, BSQ və KSQ-lər şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün kifayət etməyən, lakin müəyyən üstünlükləri olan bir sistemdir. Bu sistemin çatışmazlıqlarını aradan qaldırmaq üçün formativ qiymətləndirmə, layihə əsaslı metodlar, texnologiya inteqrasiyası və portfoliolara əsaslanan yanaşmalar kimi daha inkişaf etmiş və obyektiv metodların tətbiqi vacibdir. Belə bir yanaşma yalnız şagirdlərin təhsil prosesində daha fəal iştirakını təmin etməyəcək, həm də təhsilin keyfiyyətini və ədalətliliyini artıracaq. Təhsil sisteminin inkişafı üçün bu istiqamətdə islahatların həyata keçirilməsi zəruridir.
Təhsil eksperti Elçin Süleymanovun dediyinə görə, müxtəlif proqramlar vasitəsilə şağirdlərin biliyini ölçmək və imtahanların maksimum şəffaflığını qorumaq mümkündür. Belə proqramlara misal olaraq, "Classroom" platformasını göstərən E.Süleymanov qeyd edib ki, bu proqram şagirdlərə test və ya frontal sorğu ilə imtahan keçirəndə hər şağirdə eyni test sualını fərqli formada və cavabların yerini dəyişdirərək təqdim edə bilir. Proqram eyni zamanda, internet bağlantısı kəsiləndə yeni test tapşırığı təqdim edə bilir. Bunlardan başqa, müəllim imtahan vaxtı çalışmalıdır ki şağirdlər kameralarını açıq saxlasınlar və müəllimin onlarla göz təması kəsilməsin. Bu şagirdə imtahana daha məsuliyyətlə yanaşmasına səbəb olacaq: "Eyni zamanda, mümkün olduğu halda şagirdlərin imtahanı çalışma masasında keçirməsi və sakit bir mühitdə olması tələb etdilməlidir. Müəllim şagirdin onlayn imtahanlarda verdiyi cavabı sadəcə özünün online dərsdə keçdiyi şəkildə yox, şagirdin müxtəlif imkanlarla başqa mənbələrdən də oxuya biləcəyini nəzərə alaraq, daha geniş konteksdə dəyərləndirməlidir. Çünki şagir həmin mövzunu teledərslərdə və ya virtual məşğələdə fərqli kontekslərdə mənimsəyə bilər".
E.Süleymanov hesab edir ki, onlayn tədrisin qiymətləndirilməsində şagirdlərin dərsə davamiyyətini nəzərə almamaq ədalətli olardı. Çünki bütün şagirdlərin internet və texnologiya əlçatanlığı eyni olmaya bilər.
Onun fikrincə, qiymətləndirmənin obyektiv və ədalətliliyi ilə yanaşı, onun keçirilən bütün mövzuları əhatə etməsi də əhəmiyyətlidir.
Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlar fonunda yaranan etiraz və narazılıqlar barəsində edilən araşdırmalardan, müzakirələrdən sonra onun effektiv və effektsiz olduğu qənaətinə gəlmək olar: "Bu gün təhsil sahəsində aparılan islahatların əsas məqsəd və hədəfi keyfiyyətin, məzmunun artırılmasıdır. İslahatların fonunda insanlar müxtəlif narazılıqlarını bildirirlər. Elm və Təhsil Nazirliyi də bu islahatların zəruriliyini əsaslandırmaq üçün öz arqumentlərini irəli sürür. Əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının artırılması, onların inkişafına töhfə verilməsidir. Bütün ölkələrdə təhsil sahəsində müxtəlif məsələlərdə yaranan etirazlar araşdırıldıqdan sonra onun nəticələri müzakirə edilir. Hazırkı situasiyada yaranan narazılıqlar əsaslı da ola bilər, əsassız da. Yəni subyektiv amilə söykənmiş bir etiraz ola bilər. Bu gün şagirdlər də dərslərin daha asan olmasını, təhsil pilləsində daha rahat irəliləməyi istəyirlər. Təhsil sahəsində aparılan islahatların nəticələrinə bir daha baxılmalıdır. Atılan addımlar, görülən işlər effektivdirsə, davam edilməli, effektiv deyilsə, buna yenidən baxılmalı və qiymətləndirmə həyata keçirilməlidir".
Nərmin Qarazadə