BAKI, 30 iyul. TELEQRAF
“Düşünürəm ki, həmyerlilərimin şansları daha yüksəkdir. Amma futbolda heç vaxt dəqiq nə isə demək olmur”.
Bunu Teleqraf-a açıqlamasında 2022 - 2024-cü illərdə “Neftçi”də çıxış etmiş xorvatiyalı qapıçı İvan Brkiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk” və "Zirə” komandaları arasında keçiriləcək cavab görüşü barədə danışarkən deyib.
Hazırda Polşanın "Motor" komandasında çıxış edən 30 yaşlı qolkiper Azərbaycan təmsilçilsinin mərhələ şansının daha az olduğunu deyib: “1:1 hesablı heç-heçə ilə nəticələnmiş ilk görüşü izlədim. “Zirə” həmin oyunda yaxşı çıxış etdi. Vaxtilə mənim üçün də doğma olan “Neftçi Arena”da maraqlı görüş keçdi. Splitdə isə tam fərqli qarşılaşma olacaq. Futbolda hər şey mümkündür. Nəticə hələ qeyri-müəyyəndir”.
Brkiç baş məşqçi Rəşad Sadıqovun kollektivini Xorvatiyada çətin sınağın gözlədiyini vurğulayıb: “Cavab oyunu şübhəsiz ki, ağır keçəcək. Splitdə "Zirə"ni 30 min "Hayduk" azarkeşi gözləyəcək. Həmin inanılmaz atmosfer yerli komandanın futbolçularına böyük güc verir. Maraqlı oyun olacaq”.
Qeyd edək ki, iyulun 31-də baş tutacaq “Hayduk” - “Zirə” oyunu "Polyud" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.