Neftin qiymətləri çərşənbə axşamı 3%-dən çox bahalaşıb. Artıma səbəb ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı təzyiqləri artırması və ABŞ-ın əsas ticarət tərəfdaşları ilə gərginliyin azalacağına dair nikbinlik olub.
Banker.az xəbər verir ki, Brent markalı neftin bir barreli 3.53% artaraq 72.51 dollar, WTI markalı neft isə 3.75% bahalaşaraq 69.21 dollar olub. Hər iki bençmark son dəfə iyunun 20-də bu səviyyədə idi.
Tramp bildirib ki, Rusiya 10 gün ərzində müharibəni bitirmək istiqamətində addım atmasa, sanksiyalar və tariflər tətbiq olunacaq. ABŞ Maliyyə naziri Skott Bessent isə Çinə xəbərdarlıq edib ki, Rusiyadan neft alışı davam edərsə, yüksək tariflərlə üzləşə bilər.
ABŞ və Aİ arasında əldə edilən ticarət razılaşması da qiymətləri dəstəkləyib. Bu razılaşmaya əsasən, Aİ növbəti üç ildə ABŞ-dan 750 milyard dollarlıq enerji almalıdır, lakin analitiklər bu hədəfin real olmadığını bildirirlər.
Eyni zamanda, ABŞ-da xam neft ehtiyatları ötən həftə 1.54 milyon barrel artıb. ABŞ Federal Ehtiyat Sistemi isə bu gün keçiriləcək toplantıda faiz dərəcəsini sabit saxlaya bilər.
Foto: PAŞA Kapital İ.Ş.-nin platforması (4 saatlıq qrafik)