
Rusiyanın Kamçatka diyarında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti zəlzələnin maqnitudasının 8,7 bala çatdığını bildirib.
Zəlzələ 7-8 bal gücündə hiss olunub. Zəlzələnin episentri region paytaxtından 149 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib.
Avaça körfəzi sahilləri üçün sunami təhlükəsi elan edilib. Severo-Kurilsk şəhərinin sahilyanı hissəsində sunami baş verib.
Zəlzələ nəticəsində Petropavlovsk-Kamçatskidə 15 saylı uşaq bağçasının binasında divar uçub. İlkin məlumatlara görə, itki olmayıb.
Saxalin vilayətinin Severo-Kurilsk limanı və balıqçılıq sənayesi müəssisəsi sunami nəticəsində su altında qalıb.
Kamçatkanın paytaxtında elektrik enerjisinin və mobil rabitənin kəsilməsi müşahidə olunub. Daha sonra elektrik enerjisi və mobil rabitə bərpa edilib.
8,7 bal gücündə zəlzələdən sonra əksəriyyəti hiss olunmayan 50-dən çox afterşok qeydə alınıb. Eyni zamanda zəlzələdən sonra 2,7 min insan Kuril adalarındakı təhlükəsiz bölgələrə təxliyə edilib.
Kamçatkanın dövlət qurumlarında iş günü yerli vaxtla saat 13:00-a qədər qısaldılıb.
Yaponiya və ABŞ-də də sunami təhlükəsi elan edilib.