RU

Tacikistan məktəblərində 10 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək

Bakı, 30 iyul, AZƏRTAC

Tacikistanın ümumtəhsil müəssisələri 2025-ci il sentyabrın 1-dən etibarən şagird biliklərinin qiymətləndirilməsi üzrə yeni 10 ballıq sistemə keçəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Respublikasının təhsil və elm naziri ilin birinci yarısının yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, bu keçid ölkənin milli təhsil sisteminin islahatı və onun beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində həyata keçirilir. Yeni qiymətləndirmə sisteminin tətbiqinə hazırlıq işləri davam edir, o cümlədən 10 ballıq şkala üçün uyğunlaşdırılmış yenilənmiş məktəb jurnallarının hazırlanması yekunlaşmaq üzrədir.

“Çoxballı qiymətləndirmə sisteminə keçidin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird biliklərinin qiymətləndirilməsində obyektivliyi artırmaqdır”, – deyə nazir bildirib.

Mütəxəssislərin fikrincə, yeni qiymətləndirmə sistemi Tacikistan məktəblərinin məzunlarının xarici ali təhsil müəssisələrinə qəbul zamanı üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edəcək. Bundan əlavə, bu sistem şagirdlərin tədris nailiyyətlərinin qiymətləndirilməsində daha çox dəqiqlik və çeviklik təmin edəcək, eləcə də təhsilə marağı artıracaq.

Qeyd olunur ki, çoxballı qiymətləndirmə sistemləri inkişaf etmiş təhsil sistemlərinə malik ölkələrdə geniş şəkildə tətbiq olunur. Bu ölkələrdə 10, 12 və ya 20 ballıq şkaladan istifadə edilir.

Tacikistanda yeni sistemin tətbiqi çərçivəsində müəllimlər üçün təlim seminarları, metodik tövsiyələrin hazırlanması, eləcə də müasir tələblərə uyğun rəqəmsal alətlərin hazırlanması nəzərdə tutulur.

 

Избранный
38
azertag.az

1Источники