RU

Xüsusi xidmət orqanları Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsi haqda hansı addımı atacaq? – VACİB MƏQAMLAR

Məlum olduğu kimi yerli mediada dərc olunan məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsi haqda geniş məlumat əksini tapıb. Belə ki, məqalədə sabiq deputat Elşad Mirbəşiroğlu, sabiq spiker Oqtay Əsədov, eləcə də Prezidentin mətbuat katibi işləmiş Azər Qasımov və digər şəxslər Rusiya şəbəkəsinin üzvləri kimi təqdim edilib. Zaman-zaman Rusiyanın Azərbaycandakı “5-ci kolon”u haqda məlumatlar ictimaiyyətə açıqlansa da, bu şəxslərin adının ilk dəfə hallanması xüsusi maraq doğurub. 

Mövzunu KONKRET.az-a Ağ Partiya sədri Tural Abbaslı şərh edib:

Tural

“Əvvəllər Qarabağ məsələsinə görə, müəyyən dövlətlər Azərbaycana təsir göstərə bilirdi. Ona görə də, həmin adıçəkilən şəxslərin Rusiya ilə müəyyən əlaqələrinin olması mümkündür. Yaxud da Rusiyanın xahişi ilə bu və ya digər vəzifələrə təyin edildiklərini söyləmək olar. Bir çox ölkələrdə bu cür tendensiyalar baş verir. Ancaq Azərbaycan xüsusi xidmət orqanlarının bu adlara necə reaksiya sərgiləyəcəyini zaman göstərəcək. Hazırda bu və ya digər ölkələrin adamları qismində çıxış edən şəxslərin siyasi proseslərdən kənarlaşdırılması baş verir. Adətən bu şəxslərin cəzalandırılması gözlənilmir. Çünki bir vaxtlar dövlət qurumlarında vəzifə tutan bu kadrların məhkəmə qarşısına çıxarılaraq ifşa olunması həyata keçirilmir. Sadəcə media vasitəsilə ictimaiyyətə təqdim etməklə kifayətlənirlər. Bu səbəbdən xüsusi xidmət orqanlarının həmin adıçəkilən şəxslərlə bağlı araşdırmalara başlayacağı gözlənilən deyil. İctimai rəydə gündəmə buraxılan və müzakirə olunan bu şəxslər haqqında ən böyük ölçü, vəzifədən uzaqlaşdırılmaqdır. Azərbaycan artıq Xankəndini də azad etdikdən sonra Qarabağla bağlı xarici dövlətlərdən asılılığımız aradan qaldırıldı. Buna görə də, hökumət Rusiyanın və digər ölkələrin mənafelərinə xidmət edən şəxslərin vəzifədən və siyasi proseslərdən uzaqlaşdırılmasını rahatlıqla həyata keçirir. Ancaq bundan sonra kiminsə adı bu və ya digər dövlətlərə xidmətdə hallansa, o zaman Azərbaycan xüsusi xidmət orqanlarının həmin şəxslərə münasibəti daha kəskin və qətiyyətli olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
6
konkret.az

1Источники