RU

Çexiyada məhsul yığımında işçi çatışmır

Praqa, 29 iyul, AZƏRTAC

Çexiyanın kənd təsərrüfatı sektoru işçi qüvvəsi çatışmazlığından əziyyət çəkir və bu, xüsusilə məhsul yığımı mövsümünün əvvəlində daha bariz nəzərə çarpır.

AZƏRTAC “Jenpráce.cz” biznes saytına istinadla xəbər verir ki, kənd təsərrüfatında işləməyə marağın azalması fiziki əməyin dərəcəsinə uyğun olmayan aşağı əməkhaqqı ilə bağlıdır. Resursun məlumatına görə, kənd təsərrüfatı sektorunda əməkhaqqının dərəcəsi ölkə üzrə orta göstəricidən 13 min kron (520 avro) aşağıdır. Çexiya Statistika İdarəsinin məlumatına görə, cari ilin birinci rübündə bu ölkədə vergilər xaric orta əməkhaqqı 46 924 çex kronu (1 877 avro) təşkil edib.

Yay aylarında məhsul yığımı və çeşidlənməsi, eləcə də əkinlərə qulluq prosesi ilə məşğul ola biləcək işçi çatışmazlığı ən yüksək həddə çatır. Heyvandarlıq sahəsində də vəziyyət oxşardır; mal-qara və cavan heyvanlara qulluq edən sağıcı və işçi çatışmazlığı var. Təsərrüfatlar müasir texnologiyaların tətbiqi və mövsümi işçiləri cəlb etməklə kadr çatışmazlığı ilə bağlı yaranan problemləri həll edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Избранный
4
azertag.az

1Источники