Mətləb Salahov: "Bir çox insanlar bölgələrdə evlərini satıb gəlib Bakıdakı fırıldaqçı “maklerlər”in toruna düşürlər”
“Son günlər sənədsiz evlərlə bağlı yaranan problemlər əslində neçə illərdir ki, bölgələrdən işləmək üçün Bakıya axın edən insanların rastlaşdıqları ən aktual məsələdir. İnsanlar bölgələrdəki işsizlikdən cana doyublar və Bakıda daha çox qazanc yeri əldə etmək, “ağ günə” çıxmaq üçün paytaxta axın edirlər. Bu zaman ucuz evlərə hədsiz tələbat yaranır və fırıldaqçı əmlak vasitəçiləri heç bir sənədi olmayan, yalnız kommunal xətlərin olduğu kiçik evləri bazara çıxarırlar. Əlində cüzi vəsait olan insanlar da şirniklənib bu fırıldaqçı “maklerlərin” toruna düşürlər.” Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib, hazırda sənədsiz evlər problemi Bakı və Abşeron ərazisində getdikcə aktual sosial problem halını almaqdadır.
Onun fikrincə dövlət qurumları bu məsələyə olduqca həssas yanaşmalıdırlar. “Əlbəttdə, neft ərazilərində, dəmir yollarının qırağında tikilən gecə qonduları qanunsuzdur və qəbuledilməzdir. Lakin sual olunur ki, bu boyda evlər kimin icazəsi ilə tikilib? Bunlar tikiləndə icra hakimiyyətləri, müvafiq qurumlar harda “mürgüləyirdilər”? İndi bir çox ərazilərdə “makler”lər qanunsuz tikililər ucaldırlar. Bunlara kim icazə verir?
Bu gün qanuni həyət evinin hasarına bir cərgə artırmaq istəsən, yüz qurumdan tökülüb gələcəklər. Bəs bu “maklerlər”ə kim “yaşıl işıq” yandırıb ki, uctantutma evlər tikib əhalini tora salsınlar? Xüsusilə bu problem Bakının əksər rayonları və Xırdalan ərazisində daha qabarıq hiss olunur. Mən bu qənaətdəyəm ki, bölgələrdə daimi və gəlirli iş yerləri açılmasa, kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər görülməsə, Bakıya axın davam edəcək və bu da o deməkdir ki, sənədsiz, qanunsuz tikilələrin ard-arası kəsilməyəcək”.
Namiq Quliyev