RU

Gündə 3 saat oxuyub 683 bal topladı

"Ankara məktəbi” məktəb-liseyinin məzunu İslam Fərəcov Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 683.7 bal toplayıb. İslam təhsilini Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasında davam etdirəcək.

Gender.az bildirir ki, Metbuat.Az qəbul imtahanında uğurlu nəticə göstərən İslam Fərəcov ilə söhbətləşib. O bildirib ki, imtahana hazırlıq prosesində uzunmüddət oxumaqdansa, effektiv şəkildə çalışmağı üstün tutub:

“İmtahana repetitorların köməyi ilə hazırlaşırdım. Dərslərimə məsuliyyətlə yanaşır, ev tapşırıqlarını tam yerinə yetirirdim. Amma çox intensiv hazırlaşmırdım. Gündə 10 saat dərs oxumaqdansa, 3 saat effektiv şəkildə çalışmaq daha məqsədəuyğundur. Sosial həyatdan da uzaq deyildim, dostlarımla görüşür, telefonda vaxt keçirirdim. Məncə, əsas məsələ keyfiyyətli hazırlaşmaqdır”.

Fərəcov qeyd edib ki, yüksək bal toplamasında 10-cu sinifdə təməlinin möhkəm olması mühüm rol oynayıb:

“Əsas səbəb 10-cu sinifdə dərslərə ciddi yanaşmağım oldu. Təməl möhkəm olanda, 11-ci sinifdə təkrar zamanı oxumağa çox da ehtiyac qalmır. Mən dərsləri təkrar edərkən vacib cümlələri ayrıca dəftərə qeyd edirdim, bu üsul həm yadda saxlamanı asanlaşdırır, həm də sonradan təkrar üçün əlverişlidir”.

Abituriyent bildirib ki, ona motivasiya verən, daim irəli aparan rəqabət hissi olub:

“Rəqabət mənə güc verir. Həyatın bir çox sahəsində bu hiss məni motivasiya edir. Kiminləsə sağlam rəqabət aparmaq sizi daim inkişaf etdirir”.

İslam Fərəcov imtahana hazırlaşan abituriyentlərə də tövsiyələrini belə çatdırıb:

“Təməli yaxşı qoymaq vacibdir. Əgər bu mərhələdə çətinlik yaşayırsınızsa, motivasiyadan düşməyin. Dərsi bir yerdən başlayın, davamı gələcək. İmtahana girərkən özünüzə inamlı olun, psixoloji cəhətdən möhkəm durun və sualları diqqətlə oxuyun. Diqqət və savad birlikdə uğur gətirir”.

Qeyd edək ki, İ.Fərəcov "Ankara məktəbi” məktəb-liseyini fərqlənmə atestatı ilə bitirib. O, həm 9-cu sinif buraxılış imtahanlarında, həm də 11-ci sinif üzrə yekun nəticələrə əsasən məktəbin ən yüksək nəticə göstərən şagirdi olub.

 

Ülkər Cəlilzadə

 

Избранный
106
3
hurriyyet.az

10Источники