RU

ABŞ və Avropa İttifaqı gömrük rüsumları razılaşması: Fransada tənqid və mübahisələr

Paris, 28 iyul, AZƏRTAC

İyulun 27-də ABŞ və Avropa İttifaqı (Aİ) arasında imzalanmış gömrük razılaşması bir çox səviyyədə müzakirə və narazılıq doğurub. Rəsmi Brüssel bu sənədi ticarət qarşıdurmasının qarşısını alan zəruri güzəşt kimi təqdim etsə də, xüsusilə Fransada səslənən tənqidlər razılaşmanın daha çox siyasi və iqtisadi geri çəkilmə olduğunu göstərib. Müqavilənin mahiyyəti və konteksti göstərir ki, bu, yalnız iqtisadi qərar deyil, həm də geosiyasi təslimiyyətin və Aİ-nin parçalanmış xarici siyasətinin əlamətidir.

Bu razılaşma Donald Trampın əvvəlcə Avropa məhsullarına tətbiq etmək istədiyi 30%-lik rüsumdan imtina edilməsi ilə nəticələnsə də, 15%-lik rüsumun saxlanılması bir sıra fransız siyasətçiləri və ictimaiyyət arasında “qələbə deyil”, daha çox “məğlubiyyət” kimi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, yeni razılaşmaya əsasən, ABŞ Avropa məhsullarına 15% gömrük rüsumu tətbiq edəcək. Bunun müqabilində Avropa İttifaqı Rusiya təbii qazının yerinə ABŞ-dan 750 milyard dollar həcmində alternativ enerji almalı və ABŞ-ın iqtisadiyyatına 600 milyard dollar əlavə investisiya yatırmalıdır. Bundan əlavə, Aİ ABŞ məhsullarına qarşı 93 milyard avroluq qarşılıqlı sanksiyaları ləğv etdi. Bu sanksiyalar avqustun 7-dən etibarən tətbiq olunmalı idi və qarşılıqlı ticarət müharibəsinin əlaməti kimi qəbul edilirdi. Beləliklə, Aİ-nin öz mövqeyindən imtina etdiyi aydın görünür. Bu, Avropanın danışıqlarda zəif mövqe tutduğunu, ABŞ qarşısında qəti strategiya formalaşdıra bilmədiyini və daha çox status-kvonu qorumağa çalışdığını göstərir. “Sabitlik naminə güzəşt” siyasəti, əslində, Aİ-nin strateji zəifliyini ortaya qoyur.

Fransada bu razılaşmaya qarşı ən sərt reaksiyalar gəldi. Fransanın Baş naziri Fransua Bayru bu razılaşmanı “Avropanın qaranlıq günü” və “təslim olma” kimi qiymətləndirərək kəskin tənqid etdi. O, razılaşmanın Avropa üçün ədalətsiz və qeyri-bərabər olduğunu vurğulayıb. Benjamən Haddad və Lorent Sən-Martən kimi mərkəzçi siyasətçilər belə razılaşmanı balanssız adlandıraraq, Avropanın müstəqil siyasət aparmaq bacarığını sual altına alırlar.

Bu reaksiyalar Fransa hökumətinin və ictimaiyyətinin transatlantik münasibətlərdə daha bərabərhüquqlu yanaşma gözlədiyini göstərir. Amma bu etirazlar bir reallığı da üzə çıxarır: Aİ daxilində yekdil qərarların olmaması və milli maraqların “ortaq mövqelər”dən üstün tutulması.

Razılaşma Avropanın siyasi gücsüzlüyünü simvolizə edir. Müxalifət liderləri isə razılaşmaya kəskin etiraz edirlər. “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon razılaşmanı “Trampa tam güzəştə getmək” kimi qiymətləndirib. O, ABŞ-ın gömrük rüsumunu, alıcı öhdəliyi və ümumi iqtisadi siyasətə təsir edən tənzimləmələri “liberalizmin və azad rəqabətin gülünc şousu” adlandırıb.

Sosialist partiyasının rəhbəri Olivye For razılaşmanı “şərəfsizlik” adlandıraraq avropalıların yenidən milli maraqları prioritet tutduğunu və Avropa birliyini ikinci plana atdığını bildirib.

Marin Lö Pen isə razılaşmanı “siyasi, iqtisadi və mənəvi fiyasko” adlandırıb, müqavilənin ABŞ-İngiltərə arasında imzalanan razılaşmadan daha əlverişsiz olduğunu vurğulayıb və fransızların bu uğursuzluğun ilk zərərçəkənləri olduğunu əlavə edib.

Almaniya Kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Giorgia Meloni bu razılaşmanı müsbət qarşılayaraq əsas iqtisadi sahələrini qorumağı üstün tutdu. Almaniya Kansleri razılaşmanı alman avtomobil sənayesinin mövcud 27,5% rüsumun 15%-ə endirilməsi ilə “əsassız ticarət müharibəsinin qarşısını almaq” kimi qiymətləndirir. O, tərəflərin əsas maraqlarını qoruduğunu, lakin ticarətin daha da azadlaşdırılmasını istədiyini vurğulayıb.

İtaliyanın baş naziri Corcia Meloni Aİ və ABŞ arasında ticarət müharibəsinin “təxmin edilməyən və dağıdıcı nəticələri” olacağını söyləyir və razılaşmanın hüquqi baxımdan məcburi olmayan, ümumi xarakter daşıdığını qeyd edib.

Alman avtomobil sənayesinin 27,5%-dən 15%-ə endirilmiş rüsumla xilas edilməsi və İtaliyanın iqtisadi sabitliyə üstünlük verməsi onların öz milli maraqlarını qoruduğunu göstərir.

ABŞ və Aİ arasında imzalanan gömrük rüsumları üzrə razılaşma ticarətdə gərginliyi azaldmaq və müharibənin qarşısını almaq məqsədi daşısa da, Fransada bu addım ədalətsiz və qütbləşdirici qarşılanır. Razılaşmanın yarımçıq və qeyri-bərabər tərəflərə üstünlük verən xarakteri Avropa siyasətçiləri arasında geniş müzakirələrə səbəb olub.

Fransız siyasətçiləri bu razılaşmanın iqtisadi və siyasi təsirlərini diqqətlə izləyir və ölkənin ABŞ-la ticarətdə daha balanslı mövqe tutması üçün yeni strategiyalar hazırlamağa çağırırlar. Bu isə Avropa İttifaqının böyük böhranını üzə çıxarır: ortaq ticarət strategiyası yoxdur. Aİ adından danışıqlar aparılsa da, nəticədə hər ölkə öz iqtisadi maraqlarını qorumağa çalışır – bu da ABŞ kimi güclü oyunçulara qarşı ortaq mövqenin formalaşmasını imkansız edir. Bu razılaşma Aİ-nin qısa müddətdə kommersiya böhranının qarşısını alma cəhdidir. Amma uzunmüddətli baxışda bu, Avropanın danışıqlarda siyasi zəifliyinin, strateji baxışın olmamasının və ABŞ qarşısında üstünlük əldə edə bilməməsinin açıq sübutudur.

Fransa bu razılaşmanı tənqid edir, amma həll yolu yalnız tənqiddə deyil. Aİ-nin daxilində daha möhkəm birliyi, milli maraqların koordinasiyasını və strateji iqtisadi suverenliyi tələb edir. Əks halda, Avropa daim ABŞ və digər geosiyasi güclərin tələblərinə uyğunlaşmağa məcbur olacaq.

Избранный
7
1
azertag.az

2Источники