Heritage Foundation əməkdaşı Çin hərbi gücünün artmasına diqqət çəkir...
Poliqon xəbər verir ki, ABŞ-ın nüfuzlu Heritage Foundation beyin mərkəzinin baş elmi əməkdaşı Robert Piters hesab edir ki, Rusiya NATO və ABŞ üçün təhlükə yaratsa da, Avropanın müdafiəsini əsasən Avropa ölkələri öz üzərinə götürməlidir. Onun fikirlərini Semafor nəşri yayıb.
"Birləşmiş Ştatlar Avropanı tərk etməməlidir, lakin əsas diqqətini Hind-Sakit okean regionundakı təhdidlərə yönəltməlidir. Rusiya, şübhəsiz, ABŞ və Avropadakı NATO müttəfiqləri üçün təhlükədir. Amma Avropa ölkələri adi hərbi müdafiədə aparıcı rol oynaya bilər və oynamalıdır. Nəzərə alsaq ki, Avropa əhalisi Rusiyadan beş dəfə, iqtisadiyyatı isə on dəfə böyükdür," – deyə Piters bildirib.
Ekspertin sözlərinə görə, Çin iqtisadiyyatı artıq ABŞ-dan iki dəfəyə yaxın böyükdür və Pekin hərbi sahəyə milyardlarla dollar sərmayə yatırıb. Bu da Çin ordusunu dünyanın ən böyük donanmasına və ən sürətlə böyüyən nüvə gücünə çevirib. Həmçinin Çin indi ABŞ-dan daha çox qitələrarası ballistik raket silosuna malikdir.
Piters qeyd edib ki, ABŞ ordusu Çindən daha güclü olsa da, dünyanın müxtəlif bölgələrində çoxsaylı öhdəliklərə görə "yayılmış vəziyyətdədir". O, ABŞ-ın 1938-ci ildəki Britaniya imperiyasının taleyini yaşaya biləcəyini, yəni güclü ordu ilə imperiyanı itirmək riskini vurğulayıb və əlavə edib: "ABŞ gücünü ağılla tətbiq etməli, regional müttəfiqlərinə özlərini müdafiə etməyə imkan verməlidir."
Ekspertin fikrincə, bu yanaşma Avropanın Baltik ölkələrində çoxmillətli hərbi birlik yerləşdirməsini, ABŞ-ın isə Çin təhlükəsinə qarşı Asiyada əsas qüvvə rolunu öz üzərinə götürməsini tələb edir.
Poliqon.info