Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. Sərəncama münasibət bildirən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb.
Beləliklə, ödənişli əsaslarla ali təhsil alan hansı tələbələr təqaüd ala biləcək? Kimlər bu imkandan faydalana biləcəklər? Ödənişli əsaslarla təhsil alan tələbələr üçün başqa hansı güzəşt və fürsətlər yaradıla bilər?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Referans-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, qəbul etdiyi dövlət proqramları açıq şəkildə göstərir ki, ölkədə təhsilin və elmin inkişafı yalnız sözlə deyil, sistemli qərarlarla dəstəklənir. Bu siyasətin məntiqi davamı olaraq 2025-ci ilin əvvəlində ali və orta ixtisas təhsili alan tələbələrin, eləcə də doktorantların təqaüdlərinin artırılması ilə bağlı verilmiş sərəncam bir daha sübut etdi ki, ölkə rəhbəri üçün insan kapitalının inkişafı prioritet məsələdir. Bu addım həm sosial ədalətə xidmət edir, həm də cəmiyyətə və xüsusilə gənclərə verilən dəyərin konkret göstəricisidir.
Ekspert onu da bildirib ki, Prezident İlham Əliyevin təhsil sahəsinə yanaşması məhdud və reaktiv deyil, strateji və uzaqgörən yanaşmadır. Bu yanaşmanın əsasında 2004-cü ildən başlayaraq ardıcıl şəkildə həyata keçirilən dövlət proqramları dayanır: “Azərbaycan gəncliyi 2005–2009-cu illərdə”, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və ən nəhayət 2022-ci ildən icrasına başlanmış “2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”nda təhsilə ayrılmış xüsusi bölmələr Prezidentin bu sahəyə sistemli baxışının sübutudur. 2024-cü ildə təhsilə ayrılan dövlət büdcəsi xərcləri 5,3 milyard manatı keçərək rekord həddə çatıb ki, bu da ümumi büdcənin 14,4 faizini təşkil edir. İlham Əliyev bir dövlət başçısı kimi təhsili milli təhlükəsizlik məsələsi səviyyəsinə qaldırıb. O, dəfələrlə çıxışlarında vurğulayıb ki, “təhsil olmadan inkişaf mümkün deyil”, “təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”. Bu ifadələr sadəcə ritorika deyil, konkret fəaliyyətlə müşayiət olunur. Prezidentin təşəbbüsü ilə son illər regionlarda 3800-dən çox məktəb binası əsaslı şəkildə tikilib və ya təmir olunub. Bu göstərici ilə Azərbaycan MDB məkanında və Şərqi Avropada ən geniş təhsil infrastrukturuna sahib ölkələrdən biri kimi önə çıxır. Təhsil sahəsinə ayrılan diqqətin nəticəsi olaraq, hazırda ölkədə 52 ali təhsil müəssisəsi fəaliyyət göstərir və bu ali məktəblərdə təxminən 180 minə yaxın tələbə təhsil alır. Onların təqribən 50%-i ödənişli əsaslarla oxuyur. Bu, bazar iqtisadiyyatına uyğunlaşmanın göstəricisi olsa da, Prezidentin sərəncamı bu ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd almasına hüquqi zəmin yaradır. Bu isə sosial ədalətin təmini baxımından mühüm dönüş nöqtəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.” Bu hüququn reallığa çevrilməsi üçün Prezidentin atdığı addımlar, xüsusilə təhsil sahəsində dövlət-sosial müdafiə siyasətinin sintez olunması əhəmiyyətlidir. Təqaüdlərin artırılması yalnız maddi dəstək deyil, həm də tələbənin akademik motivasiyasını, psixoloji rifahını və sosial inklüzivliyini gücləndirən amildir. Məsələn, 2019-cu ildə tələbə təqaüdlərinin təxminən 50–80 manat olduğu halda, hazırda bu göstərici ikiqat artaraq 130–210 manat aralığına çatıb. Dünya praktikasına nəzər yetirsək, tələbəyə verilən dəstək siyasəti dövlətin təhsilə verdiyi strateji dəyərin göstəricisidir. Məsələn, Almaniyada tələbələrə aylıq 800 avroya qədər sosial yardım və təqaüd verilir. Skandinaviya ölkələrində isə təhsil tamamilə pulsuz olmaqla yanaşı, tələbələrə təhsil müddətində yaşayış üçün əlavə subsidiya təklif olunur. Azərbaycan bu istiqamətdə hələ yolun başlanğıcında olsa da, Prezidentin ardıcıl siyasəti ölkəni bu yolun sonuna çatdıra biləcək yeganə möhkəm iradəni təmsil edir. Lakin bu yüksək siyasi iradənin qarşısında Elm və Təhsil Nazirliyinin fəaliyyəti qənaətbəxş deyil. Təəssüf ki, Nazirlik bu təqaüd artımı kimi mühüm bir qərarın kommunikasiya və tətbiq mexanizmlərini vaxtında və effektiv şəkildə ictimaiyyətə çatdırmır. Hələ də ali məktəblər və tələbələr arasında ciddi anlaşılmazlıq və məlumatsızlıq hökm sürür: kimlər bu təqaüddən faydalana bilər, hansı meyarlarla müəyyən olunur, müddəti və miqyası necə tənzimlənir? Nazirlik bu məsələləri izah etmək əvəzinə, passiv müşahidəçi kimi davranır. Halbuki belə bir vəziyyətdə operativ marifləndirmə və ictimai izah vacibdir. Nazirliyin bu sahədə konkret planı və ya strateji proqnozu da yoxdur. Təhsilin maliyyələşməsi, təqaüd modellərinin diferensiallaşdırılması, sosial təbəqələşmənin qarşısını alan mexanizmlərin tətbiqi kimi məsələlərdə Nazirlik faktiki olaraq ya susur, ya da statistik hesabatlarla kifayətlənir. Bu isə Prezidentin siyasi iradəsinə zidd olaraq onun təşəbbüslərinin təsir gücünü azaldır. "Nəticə etibarilə, Prezident İlham Əliyevin bu sərəncamı ölkədə təhsil siyasətinin mühüm dönüş nöqtəsidir. Təqaüdlərin artırılması sosial ədalətə, keyfiyyətli insan kapitalına və rifah cəmiyyətinə aparan yolun fundamental dayağıdır. Amma bu siyasətin effektli həyata keçirilməsi üçün icra strukturlarının – xüsusilə Elm və Təhsil Nazirliyinin – məsuliyyət daşıması vacibdir. Prezident bu sahədə dünyanın ən qabaqcıl liderləri ilə müqayisə oluna biləcək mütərəqqi siyasət yürüdür. Onun liderliyi yalnız enerji siyasəti və geosiyasi uğurlarla deyil, insan kapitalına verdiyi önəmlə də seçilir. Bu siyasət davamlı olacaqsa, Azərbaycan təkcə regionun yox, dünyanın nümunəvi təhsil ölkələrindən birinə çevrilə bilər. Amma bu yolda sistemli icra, ardıcıl planlama və cəmiyyətin daim məlumatlandırılması şərtdir. Əks halda, hətta dünyanın ən mükəmməl qərarı belə kağız üzərində qalar", - deyə Kamran Əsədov qeyd edib.
Məmmədov Hüseyn