Elçin Xlidbəyli: ABŞ, Rusiya, İran və Avropa dövlətləri geopolitik rəqabət alətlərini Zəngəzur dəhlizi ətrafında cəmləyiblər
Son zamanlar beynəlxalq müzakirə obyektinə çevrilən Zəngəzur dəhlizi ilə bağlı Ankara və Bakının planlarına aydınlıq gətirilib.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, İran açılmaq üzrə olan dəhlizdən kənarda qalacaq.
Nəşr qeyd edib ki, Zəngəzur dəhlizinin ABŞ-yə icarəyə veriləcəyi ilə bağlı iddialardan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələnin Ermənistan administrasiyasına aid olduğunu bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında Zəngəzur dəhlizində Türkiyə ilə birlikdə irəlilədiklərini bəyan edib:
“Biz istəyirik ki, hər şey danışıqlar yolu ilə həll olunsun. Ancaq bizi qəzəbləndirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik. Zəngəzur dəhlizi açılmalıdır, açılacaq. Türkiyənin xeyrinə olan bizim də maraqlağımızdadır”.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Zəngəzur dəhlizi Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyan geoiqtisadi bir layihədir:

"Hazırda dünyanın aparıcı dövlətləri bu regiona, o cümlədən Zəngəzur dəhlizinə xüsusi maraq göstərir. Xüsusilə Avropa və Asiya dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından bu dəhliz əvəzolunmaz layihə hesab olunur. Hazırkı mərhələdə ABŞ, Rusiya, İran və Avropa dövlətləri geopolitik rəqabət alətlərini Zəngəzur dəhlizi ətrafında cəmləyiblər. Əslində, Azərbaycan üçün Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətində olması ciddi narahatlıq yaratmır. Prezident İlham Əliyev dəfələrlə və qəti şəkildə bəyan edib ki, Azərbaycanın ərazisində heç bir xarici ölkənin operatoru fəaliyyət göstərməyəcək. Bu, o deməkdir ki, ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürmək niyyətində olan şirkəti Azərbaycanın ərazisində fəaliyyət göstərməyəcək. Həmçinin ABŞ şirkətinin ölkəmizə hər hansı bir aidiyyəti olmayacaq. Bu məsələ birbaşa ABŞ və Ermənistan arasında həll edilməli olan məsələdir. Çünki ABŞ-ın şirkətinin nəzarət edəcəyi hissə Ermənistan ərazisindən keçən dəhlizdir".
Analitik qeyd edib ki, Azərbaycan üçün bu mənada narahatlıq doğuracaq əsaslı bir səbəb yoxdur:
"ABŞ-ın Zəngəzur dəhlizində mövcudluğu ilk növbədə Rusiya və İranı narahat edir. Rusiya dəhlizə özünün nəzarət etməsini istəyirdi. Lakin ABŞ-ın prosesə qoşulması Rusiyanın bu layihənin həyata keçirilməsində iştirak etməyəcəyini göstərir. Bundan əlavə, ABŞ-ın Zəngəzur dəhlizində qarantor rolunu üzərinə götürməsi Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının ciddi şəkildə azalması ilə nəticələnəcək.
Eyni narahatlıq İranda da müşahidə olunur. ABŞ şirkətinin Ermənistanın İranla sərhəd bölgəsində yerləşməsi Vaşinqtonun birbaşa İran sərhədinə yaxınlaşması kimi qiymətləndirilir. İran ümumilikdə Zəngəzur dəhlizinin açılmasını özünün geosiyasi maraqlarına təhdid kimi görür. Bütün bu narahatlıqlara baxmayaraq, əgər ABŞ və bəzi Qərb dövlətləri dəhlizin açılmasında israrlı olarsa, bu zaman nə Rusiya, nə də İranın mövqeyinə əhəmiyyət veriləcək. Üstəlik, onların iştirakı olmadan Zəngəzur dəhlizi reallaşacaq. Artıq proses həlledici mərhələyə daxil olub və dəhlizə maraq göstərən dövlətlər arasında rəqabət son mərhələyə keçib".
Elçin Xalidbəyli vurğulayıb ki, ABŞ həm İranı, həm də Rusiyanı bu dəhlizdən kənarda saxlayaraq Cənubi Qafqazda yeni bir mərhələnin əsasını qoymaq istəyir:
"Beləliklə, region Avropa və Asiyanı iqtisadi və ticari baxımdan birləşdirən əhəmiyyətli geostrateji mərkəzə çevriləcək. Bu, region ölkələri üçün geniş inkişaf perspektivləri yaradacaq. Digər tərəfdən Rusiya bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməyə hazırlaşır. Böyük ehtimalla, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazaya əlavə hərbi texnika və canlı qüvvə yerləşdirməsinin əsas səbəblərindən biri də məhz Zəngəzur dəhlizi ətrafında yaranmış situasiyadır. Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi məsələsi yalnız ABŞ və Ermənistan arasında müzakirə olunmalı və onların arasında həll edilməli məsələdir. Azərbaycan bu məsələyə müdaxilə etməyi düşünmür".