RU

“Mığmığa turşusu”

Bakıda yeni açılan, hamının çəkib məşhurlaşdırdığı, blogerlərin “bunu görmüsünüz?”, “dadına baxmısınız?” kimi süni və şit suallar verdiyi o “prestijli” marketə təsadüfən mən də getdim. Çox dedilər ki, Avropa malları ilə zəngindir, can dərmanıdır, bu marketdə olmayan məhsul yoxdur.

Elə yeni içəri daxil olurdum ki, boyu balaca bir qız diş çöpünə batırılmış, rəngi get-gedə yaşıllaşan kolbasanı gözümə soxarcasına mənə uzatdı. Təşəkkür edib istəmədiyimi bildirdim. Daha sonra meyvələr bölməsinə keçdim. Xarici ölkələrdən gətirilən meyvələrin bir-ikisindən başqa əksəriyyəti büzüşmüş, çürüməyə doğru getmişdi. Xaricdə kilosu 1-2 dollara satılan meyvənin burada bir ədədi 58 manata idi.

Hələ bu harasıdır? Üz tutdum göyərti bölməsinə. Elə bil bu göyərtilərin üstündən atlılar keçib – tam yararsız, solmuş, əzik və qurumuş... Daha sonra digər ərzaq məhsullarına və içkilərə baxdım. Başqa marketlərdə 2 manata satılan su burada 11 manata idi. Əlimi Badamlıya uzadırdım ki, satıcı qız soyuducunun qabağını kəsib nə istədiyimi soruşdu. Əlim havada qaldı və dedim: “Su olsun, qazlı olsun, şüşədə olsun, üstündə qırmızı lent olsun, başında da papaq olsun...” Gördüm qız gözlərini döyür. Adam əlini suya uzadıb nə istəyər ki, başqa? Marqarita pizza

Bir az irəlidə balıq bölməsi vardı. Balıqlar üçün xüsusi şüşə otaq düzəldiblər. Əvvəl elə bildim, qızıl satılır. Amma yaxınlaşanda üfunət iyi hər şeyi bəlli etdi. İçəri nə girən var, nə çıxan. Təkcə satıcı. Qiymətlər elə fantastik idi ki, o balığı alsan, gərək yeməyəsən, aparıb servanta qoyasan.

Dedim əliboş çıxmayım, heç olmasa kələm turşusu alım. Satıcı xanım turşunu qaba tez-tələsik, dolub-daşanadək, basa-basa doldurub qiymətini yapışdırdı və mənə uzatdı. Birdən gözüm turşunun içindəki qara-qara nöqtələrə sataşdı. Yaxından baxanda gördüm ki, turşunun suyunda 30-40-a yaxın mığmığa ölüsü üzür. Təbii ki, turşunu geri qaytarıb uzaqlaşdım. İyrəndiyimdən ürəyim ağzıma gəlmişdi. Kənardan baxıram ki, satıcı qadın əli ilə turşunun içindən mığmığaları çıxarmağa çalışır. Sanki problem həll olunacaqmış kimi…

Bu iyrənc mənzərəni unutmaq üçün bişmiş məhsullar bölməsinə yaxınlaşdım. Bir-birindən gözəl tortlar, şirniyyatlar, bulkalar, çörəklər və s. – nə desən var. Amma çox təəssüf ki, hər məhsulun üzərində 3-5 milçək və balaları yallı gedirdi. İnsanlar isə bu natəmizliyə əhəmiyyət vermədən bişmələri səbətə doldururdu. Başa düşürəm, müharibə görmüş millətik, vaxtilə çörək üçün növbədə durmuşuq, amma bu gün milçəkli məhsula da göz yumacaq vəziyyətdə deyilik axı!

Başqa ölkələrdə bu cür qayda pozuntuları ciddi nəzarət altındadır. Belə hallarda mağaza möhürlənir, sahibinə ciddi cərimələr yazılır.

Bir-iki xırda şey alıb kassaya yaxınlaşdım. Kassir heç soruşmadan 2 ədəd paketi aparata oxudub mənə uzatdı. Halbuki aldığım məhsullar bir balaca paketi belə doldurmurdu. Nə isə deyib ordan çıxırdım ki, qapıda mühafizəçi məni saxladı: “Xanım, cips yemisiniz, ödəniş etməmisiniz!”

Çaşqınlıqla oğlana baxıb düşündüm: mən bu cipsi nə vaxt yedim və bundan niyə xəbərim yoxdur? Heç də alacağım məhsul deyil. Tələb etdim ki, kameraya baxılsın. Nəticədə məlum oldu ki, məndən əvvəlki müştərinin uşağı cips yeyib, paketini də arabanın küncünə soxub.

İndi mən bu mühafizəçiyə nə deyim? Səssiz baxışımla onun bütün ailəsinə və tanışlarına "ehtiramımı" göndərib oradan sözün əsl mənasında qaçdım.

Sonradan eşitdim ki, bu market Azərbaycandakı “hörmətli” şəxslərdən birinə məxsus imiş. Buradan həmin o "hörmətli" şəxsə səslənirəm: görməmişlik edib özünü hörmətdən salma. Ayıbdır! Belə bir deyim var: “Vəzifə insanın özündən böyük olanda, insan özünü idarə edə bilmir.” Çalışın, vəzifənizə görə yox, insanlığınıza görə hörmət qazanın.

Aygün Qoca


Telegram kanalımız
Избранный
16
yenisabah.az

1Источники