RU

AFFA-nın qanunsuz qərarı ört-basdır etmək cəhdləri – imicini düşün(məy)ən qurum

Deyəsən, AFFA-da əyləşənlər ya özlərini hamıdan ağıllı sayırlar, ya da futbol ictimaiyyətini axmaq yerinə qoyublar. Əvvəlcə Rauf Allahverdiyevə zəng edib ömürlük hakimlikdən uzaqlaşdırıldığını deyirlər. Adam çıxıb məsələni ictimailəşdirəndən sonra isə tam başqa səbəblə onunla müqaviləni yeniləməyəcəklərini çatdırırlar diqqətinə. 

Səbəb də odur ki, Allahverdiyev AFFA-nın onun məsələsində “Sabah”ın diktəsiylə qərar verdiyini iddia edib. AFFA bunu işgüzar nüfuzuna xələl kimi qiymətləndirib. Rauf naşılıq edib, təcrübəsiz davranıb, təxminlərini fakt kimi səsləndirib. Əslində, onun belə şübhəyə düşməsinə də ciddi əsaslar var. Əgər “Sabah”ın rəhbərlərindən biri AFFA-nın vitse-prezidenti, digəri İK üzvüdürsə, Allahverdiyevin yerinə kim olsaydı, ilk növbədə onlardan biləcəkdi. Necə olur ki, digər oyunlarda daha ciddi səhvlər edən hakimlər cəzalanmır, məhz “Sabah”a qarşı səhv eləyən Rauf bunun acısını çəkir…

Keçək, AFFA-nın işgüzar nüfuzu və imic məsələsinə. İllərboyu tənqid olunan, camaatın qəzəbinə tuş gələn, dövlətdən ayrılan milyonları israf eləməkdə suçlanan bir təşkilatdı bu. Ölkədə imici ən aşağı olan 5-10 qurumdan biridi AFFA. Əgər boz binada əyləşənlər bunu bilmirlərsə və ya unudublarsa, biz xatırladaq ki, çox da rahatlaşmasınlar.

İmicinə önəm verən qurum heç vaxt qanunsuz qərara qol qoymaz, hər prosesi şəffaf həyata keçirər. Bu məsələdə şəxsən bizi üzən AFFA-nın baş katibi Cahangir Fərəcullayevin də o birilərlə əl-ələ verib qanunsuzluğu ört-basdır etməyə razılaşmasıdır. Dəfələrlə qeyd etmişik ki, Cahangir bəyin gəlişiylə AFFA-da yaxşıya doğru dəyişikliklər olub, layiqli kadrlar irəli çəkilib, iş görmək istəyi sezilib. Uzun illərdi məhz belə adama ehtiyac olub AFFA-nın idarəetməsində. 

Lakin Rauf Allahverdiyev məsələsi Fərəcullayevə olan inamımızı sarsıtmağa başlayır. Əgər bu adam vəzifəsinin, oturduğu kürsünün əsirinə çevrilsə, çox keçmədən onu da itirəcəyik və Fərəcullayev də, özündən əvvəlkilər kimi kreslosunu qorumaq üçün işləyən məmur olacaq. 

Əgər AFFA-nı reputasiyası düşündürürsə, Rauf Allahverdiyev məsələsində dürüst olmalıdılar. Çıxıb açıqlasınlar ki, Rauf hansı əsasla hakimlikdən ömürlük uzaqlaşdırılıb. Verdikləri qərarı da əsaslandırsınlar. Daha camaatı avam yerinə qoyub hansısa açıqlamanı qabartmasınlar. Çünki Allahverdiyev həmin açıqlamalara qədər artıq uzaqlaşdırılmışdı işindən. 

“Sabah”ın AFFA-ya tapşırıq verməsinə gəlincə, bunu iddia etmək üçün əlimizdə fakt yoxdur. Amma federasiya rəhbərliyində bu klubun adamları yer aldığı müddətdə belə şübhələr həmişə olacaq.

(Sportal.az)

Избранный
15
2
idmanxeber.az

3Источники