BAKI, 25 iyul. TELEQRAF
İyulun 26-da Bakı şəhərində “Azərbaycan-Gürcüstan Gənclər Forumu” təşkil olunub.
Teleqraf xəbər verir ki, tədbirdən öncə iştirakçılar Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Forum Bakı Konqres Mərkəzində Azərbaycan və Gürcüstanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Gürcüstan Respublikası təhsil, elm və gənclər naziri Givi Mikanadze, Milli Məclisinin deputatı, Azərbaycan–Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, eləcə də Azərbaycan və Gürcüstan gəncləri – Esmira Nəsibova, Əli Süleymanlı və Kevan Gabeli çıxış ediblər.
Tədbirdə təqdim olunan Azərbaycan milli rəqs nömrəsi iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Ardınca Gürcüstanlı gənclərin rəqs ifaları tədbirə rəng qatıb. Sonda gənc ifaçı Zaur Kərimli tərəfindən “Cənnətimsən, Qarabağ” mahnısı səsləndirilib.
Forum “Youth to Youth” adlı açıq dialoq sessiyası ilə davam edib.