RU

2016-cı ilin “ən xoşbəxt şəhəri” - 10 ildir altı saatlıq iş rejimi tətbiq edilir

“Malmö və İsveçin digər bölgələrində təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Gecələr küçələrdə gəzmək tövsiyə olunmur”. İsveçə səfər etməyə hazırlaşanda eşitdiyim ilk tövsiyə bu oldu. Dedilər ki, orada silahlı qruplaşmalar var. Turistlər çantalarından ehtiyatlı olmalıdırlar...

İsveç hökuməti bu “damğa”dan xilas olmaq üçün əlindən gələn bütün işləri görür: ilboyu şəhərlərdə müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar keçirilir. Zəngin tarixə və mədəni müxtəlifliyə malik Malmö dünyanın hər yerindən turistləri cəlb edir. Bu müasir metropol 2016-cı ildə İsveçin “Ən xoşbəxt şəhəri” seçilib.

Qatar suyun altından keçib körpünün üzərinə çıxır

Kopenhagendən Malmöyə gündəlik qatarlar mərkəzi dəmir yolu stansiyasından yola düşür və səyahət 40 dəqiqə çəkir. Şimal və Baltik dənizlərini birləşdirən Oresund boğazı üzərindəki körpü Malmöya çatmaqda əsas vasitədir. Səkkiz km uzunluğunda olan körpü Avropadakı ən uzun körpü sayılır. Bu il körpünün 25 illiyi qeyd edilir. Körpü ilə səyahət çox uzun olmasa da, özlüyündə bir macəradır: dənizə və hər iki şəhərə - Malmö və Kopenhagenə möhtəşəm mənzərələr təqdim edir. Qatar suyun altından keçib körpünün üzərinə çıxır. “Discovery Channel” bu keçidin yaranma tarixi haqqında “Planetin ən möhtəşəm tikililəri” seriyasından film çəkib.

Malmöyə çatanda “pasportları hazırlayın”, - deyə sərnişinlərə xəbərdarlıq edilir. Şengen ərazisi olsa da, iki ölkə arasında ciddi sərhəd nəzarəti mövcuddur.

Malmö İsveçin üçüncü böyük şəhəridir, ölkənin cənubunda, Skane bölgəsində yerləşir. Liman şəhərinin tarixi 13-cü əsrdən - burada kiçik bir yaşayış məntəqəsinin yarandığı vaxtdan başlayır.

Hazırda Malmödə 600 mindən çox insan yaşayır. Əhalinin 40%-ni miqrantlar təşkil edir. Malmö Avropanın ən “immiqrant” şəhərlərindən biri hesab olunur. Şəhər əhalisinin 25 faizini müsəlmanlar təşkil edir. İmmiqrantların əksəriyyəti qonşu Danimarkanın vətəndaşlarıdır (burada qanunvericilik bir çox məsələlərdə daha sərtdir). Asiyalılar və məşhur futbolçu Zlatan İbrahimoviç kimi keçmiş Yuqoslaviya respublikalarından olan insanlar da çoxdur.

Dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri

Əsas attraksionların əksəriyyəti mərkəzdən piyada 30 dəqiqəlik məsafədədir. Malmödə mükəmməl nəqliyyat şəbəkəsi var. Şəhər ən müasir metro şəbəkəsinə malikdir. Avtobuslar yaşıl rəngdədir. Malmö dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri hesab olunur. Həmçinin Malmö Avropanın əsas velosiped şəhərlərindən biridir, səliqəli və nizamlı velosiped yolları var.

Turistlər münasib qiymətə velosiped kirayələyib şəhərin küçələrini gəzir, tarixi ilə tanış olurlar. Burada yay isti, qış mülayimdir. Yağıntılar çox olur. Malmöyə səfər etməyin ən yaxşı vaxtı yay və payızın əvvəlidir. Amma turistlər mülayim iqlimə görə bu bölgəyə il boyu səfər edirlər. Qışda bölgə xizək sürməyi sevənləri cəlb edir. Turistləri Malmöyə cəlb etmək məqsədi daşıyan tədbirlərdən biri də 1985-ci ildən bəri keçirilən illik şəhər festivalıdır.

Избранный
11
publika.az

1Источники