RU

"Rusiya yenidən Ukraynaya raket və dronlarla kütləvi hücumlar edib" - Zelenski

 
"Bu müharibə Rusiyanın hərbi sənayesinə baha başa gələcək..."
 
Gecə saatlarında Ukraynanın müxtəlif bölgələri - Xarkov, Sumı, Dnepropetrovsk və Zaporoje ardıcıl və genişmiqyaslı hava hücumlarına məruz qalıb. Rusiya ordusu bu dəfə müxtəlif növ silahlardan - ballistik raketlərdən tutmuş "Shahed" tipli dronlara qədər hərbi və mülki infrastruktur obyektlərini hədəfə alıb.
 
Moderator.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski hücumlara sərt reaksiya verərək, ölkəsinin bu cür zərbələri cavabsız qoymayacağını bildirib: "Rusiya hərbi müəssisələri, logistikası, hava limanları və müdafiə sənayesi başa düşməlidir ki, bu müharibə onların özlərinə də ağrılı nəticələr doğurur. Ukraynanın uzaqmənzilli dronları və mütəmadi cavab əməliyyatları bizim arqumentimizdir və bu arqument sülhə daha da yaxınlaşdırır".
 
 
Xarkov 3 saat atəş altında qalıb
 
Xarkov meri İqor Terexovun sözlərinə görə, şəhərə eyni anda bir neçə növ silahla - idarə olunan aviabombalar, ballistik raketlər və kamikadze dronlarla hücum edilib. İlkin məlumata əsasən, azı 4 aviabomba, 2 ballistik raket və təxminən 15 "Shahed" dronu şəhəri hədəfə alıb. Hücumlar nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 3-ü xilasedicidir. Onlar birinci partlayışdan sonra əraziyə gələndə təkrar zərbəyə tuş gəliblər. "Düşmən məqsədyönlü şəkildə mülki əhalini və onları qoruyanları hədəfə alır. Bu, artıq adi hərbi əməliyyat deyil, bu, təmiz terrorçuluqdur", - Terexov əlavə edib.
 
Dnepr və Zaporoje də hücum altındadır
 
Dnepropetrovsk vilayətində Rusiya ordusunun raket-dron hücumları nəticəsində ticarət mərkəzi və çoxmənzilli bina dağılıb, sənaye müəssisələri zərər görüb. Bir nəfər həlak olub, azı 4 nəfər yaralanıb. Dneprdəki "Episentr" adlı iri ticarət obyektinin tamamilə dağıldığı bildirilir. Zaporoje vilayətinin Vasilyevsk, Poloji və Zaporojsk rayonlarında da eyni vaxtda bir neçə yaşayış məntəqəsinə zərbələr endirilib. Azı 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Sakinlərdən 27-si ev, avtomobil və digər mülklərinin dağıldığını bildirib.
 
Düşmənin 235 hədəfindən 200-ü zərərsizləşdirilib
 
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri məlumat yayıb ki, Rusiya iyulun 25-də axşam saatlarından başlayaraq ümumilikdə 235 ədəd hava hücumu vasitəsi ilə ölkəyə zərbə endirib. Bunların 200-ü, o cümlədən 183 dron və 17 raket hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri ilə məhv edilib. Əsas zərbə istiqaməti Dnepropetrovsk olub. Vilayətdə 10 raket və 25 dron müxtəlif nöqtələrdə partlayıb. 8 yerdə isə qalıq parçalarının düşməsi nəticəsində dağıntılar qeydə alınıb.
 
Zelenskidən çağırış
 
Prezident Zelenski xalqına başsağlığı verərək, xilasetmə xidmətlərinə təşəkkürünü bildirib və əlavə edib: "Bizim dəqiq dronlarımız, müdafiə sistemlərimiz və cavab gücümüz bu müharibənin yalnız bir tərəf üçün olmayacağını göstərir. Rusiya nə qədər tez anlasa ki, təcavüzün onun öz evinə də qayıdır, bir o qədər tez sülh gələcək".
Избранный
9
moderator.az

1Источники