RU

Növbəti uğur!

Qərbi azərbaycanlıların qayıdışına beynəlxalq müstəvidə dəstək artmaqdadır

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Bu məqsəd üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Qərbi Azərbaycan İcması qayıdış hüququnun bərpası üçün müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Eləcə də, müxtəlif yerli və beynəlxalq konfranslar keçirilir. Bütün bunlar öz müsbət nəticələrini verməkdədir.

Azərbaycan Prezidentinin mesajları...

Bu istiqamətdə növbəti uğur qazanılıb. Belə ki, BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb. Xatırladaq ki, sözügedən konfransda Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edib. Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanlanan, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədi kimi yayılan müraciətinin bir hissəsinə diqqət yetirək: “Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik”. Dövlət başçısı müraciətində xüsusi olaraq vurğulayıb ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyil və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir.

Konfransın yekun sənədində  isə  XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarıldıqları, bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlının qaçqın vəziyyətinə düşdüyü, onların mədəni irsinin məhv edildiyi vurğulanıb. Bildirilib ki, bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurub və hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır. Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır. Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası, qorunması regional sülh və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların yaxından iştirakı zəruridir.

İcma Ermənistandan tələb edir

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib ki, Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır. Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə olunması istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edib.

Ümumiyyətlə, bütün bunlar göstərir ki,  Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib. İndiyə kimi, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur. 

Qərbi azərbaycanlıların qayıdışı beynəlxalq təşkilatların gündəmindədir

Bütün bunlara baxmayaraq, Azərbaycan Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq müstəvidə fəaliyyətini davam etdirir. Buna nümunə kimi, 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırmasını və bu məsələnin sammitin yekunlarına dair Xankəndi Kommunikesində əks olunmasını göstərə bilərik. Eləcə də, 21-22 iyunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib, eləcə də “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul olunub. TÜRKPA-nın iyunun 12-də Astana şəhərində “Türk Əsri: Parlament diplomatiyasının rolu” mövzusunda keçirilmiş 14-cü iclasının yekun Astana Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdışı məsələsi də əksini tapıb. Sənəddə Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlıq ifadə edilib və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququ dəstəklənib.

Qeyd edək ki, digər beynəlxalq təşkilatlar da bu mövzunu gündəmə gətirir. Məsələn, Asiya Parlament Assambleyasının bu il 17-21 fevral tarixlərində Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənədində Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub. Aprel ayında isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanda keçirilən dördüncü konfrasının yekunu olaraq qəbul edilmiş Daşkənd Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdışı məsələsinə yer verilib. Eyni zamanda, aprel ayında keçirilmiş  Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada da Qərbi Azərbaycan həqiqətləri müzakirə edilib. Əlbəttə, bu yöndə faktların sayını artırmaq da olar. Bu baxımdan, Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da böyük əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Qərbi azərbaycanlıların qayıdış hüququ təmin edilənə qədər bu istiqamətdə beynəlxalq fəaliyyət sistemli şəkildə davam etdiriləcək.

Nardar BAYRAMLI

Избранный
9
yeniazerbaycan.com

1Источники