RU

Azərbaycanın legitim tələbi

Zəngəzur dəhlizi üzrə yüklər və sərnişinlər maneəsiz hərəkət etməlidir!

Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesi çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Deyə bilərik ki, qeyd olunan marşrutla bağlı müzakirələr yalnız ikitərəfli gündəlik çərçivəsində aparılmır. Zəngəzur dəhlizinə həm Avrasiya məkanında, həm də beynəlxalq səviyyədə maraq getdikcə artmaqdadır ki, bu da səbəbsiz deyil.

Zəngəzur dəhlizi - Azərbaycanın regionda optimal bağlantılar yaratmaq siyasətinin davamı

Hazırda qlobal miqyasda cərəyan edən geosiyasi proseslər fonunda nəqliyyat bağlantılarının önəmi heç vaxt olmadığı qədər artıb. Vəziyyət həmçinin Azərbaycanın da yer aldığı Avrasiya məkanında da eynidir. Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının, Qara dənizin Ukrayna sahillərindəki limanların funksionallığı əhəmiyyətli dərəcədə azalıb. Ölkələr və daşıma şirkətləri daha təhlükəsiz alternativ marşrutlar axtarırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycana yönəlir. Avrasiyada respublikamız son dərəcə əlverişli coğrafi yerləşməyə malikdir. Lakin məsələ yalnız coğrafiya ilə bağlı deyil. Burada ən əsas amillərdən biri müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Respublikamız həmçinin Orta Dəhliz (Transxəzər marşrutu) üzərində çox mühüm məntəqədir.

Zəngəzur dəhlizi Azərbaycanın regionda optimal bağlantılar yaratmaq siyasətinin davamıdır və ölkəmizin yeni təşəbbüsüdür. 44 günlük müharibədə qazanılan Qələbə sayəsində regionda yeni reallıqlar yaradan Azərbaycan haqlı olaraq Qərb rayonları ilə ayrılmaz hissəsi olan Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasını istəyir. Bu marşrut kimi də Ermənistan ərazisindən keçən və tarixən mövcud olan marşrut seçilib. Bəs niyə Zəngəzur? Bu da təsadüfi deyi?. Azərbaycan Prezidenti sözügedən marşruta Zəngəzur dəhlizi adını verərkən (hazırda bu termin beynəlxalq səviyyədə qəbul olunub - red.) tarixilik prinsipini əsas götürüb. Tarixən bəhs olunan coğrafiya Azərbaycana məxsus olmaqla məhz Zəngəzur adını daşıyıb. Bunu tarixi xəritələr də əyani şəkildə təsdiqləyir. Sonralar qlobal güc mərkəzlərinin təhriki ilə bəhs olunan ərazi Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Onu da xatırlatmaq yerinə düşər ki, keçmiş sovet dönəmində də həmin ərazidən Naxçıvana gediş-gəliş təmin olunub. Belə ki, buradan keçməklə Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən dəmir yolu xətti məhz respublikamızın tabeçiliyində fəaliyyət göstərib.

Azərbaycan qətiyyətlidir, Ermənistan isə manipulyasiyalara əl atır

Zəngəzur dəhlizinin açılmasına Azərbaycan qətiyyətli siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev bu günlərdə Xankəndidə baş tutan III Qlobal Şuşa Media Forumundakı çıxışında ölkəmizin qətiyyətli mövqeyini bir daha ortaya qoyaraq deyib: “Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.

Azərbaycan yalnız siyasi bəyanatlar verməklə kifayətlənmir. Postmüharibə dönəmində Zəngəzur dəhlizinin ölkəmizə aid hissəsində böyük iş həcmi yerinə yetirilib. Yeni çəkilən dəmir yolu xəttinin inşası tamamlanmaq ərəfəsindədir.  Ermənistan isə ötən dövrdə əsassız iddialar sərgiləməklə və manipulyasiyalara əl atmaqla məşğul olub. Azərbaycanın tarixə və müasir dövrün reallıqlarına əsaslanan haqlı tələbini yerinə yetirmək istəməyən bu ölkə rəsmiləri absurd “Sülhün kəsişməsi” deyilən absurd layihədən bəhs edirlər. Halbuki Ermənistanın kasıb büdcəsini və əlverişsiz coğrafi yerləşməsini nəzərə aldıqda aydın şəkildə görünür ki, bu layihənin heç bir perspektivi yoxdur.

Əslində, Zəngəzur dəhlizinin yaradılmasına süni maneələr törədən Ermənistan ilk növbədə özünü geosiyasi proseslərdən kənarda qoyur. Məlumdur ki, Azərbaycan hazırda həm də Zəngəzur dəhlizinin İran ərazisindən keçən qolunun yaradılmasında fəal iştirak edir. Artıq layihə üzrə işlər sürətlə davam etdirlir. Zəngəzur dəhlizi layihəsindən kənarda qalması  dalan ölkə olan Ermənistanın vəziyyətini daha da ağrlaşdıracaq. Hazırda bu ölkənin geniş dünyaya quru yolla çıxışı yalnız dar, qış aylarında əsasən bağlı qalan Lars (Gürcüstan üzərindən)  keçid məntəqəsi və İran vasitəsilədir. İndiki geosiyasi vəziyyəti nəzərə aldıqda aydın şəkildə görünür ki, Zəngəzur dəhlizinin mümkün qədər tez açılması Ermənistanın özü üçün hava və su kimi lazımdır.

Zəngəzur dəhlizinin açılması bütövlükdə Avrasiya məkanında yerləşən ölkələrin hamısının maraqlarına xidmət edir. Çindən, Mərkəzi Asiya dövlətlərindən gələn yüklər Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və buruadan da Avropaya ötürüləcək. Buna görə də Ermənistanın manipulyasiyalara əl  atması bütövlükdə bu ölkənin region dövlətlərinin maraqlarına qarşı çıxması anlamında qəbul olunur.

Türkiyə də böyük maraq göstərir

Zəngəzur dəhlizinin yaradılmasına Ankara da böyük maraq göstərir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etdiyini açıqlayıb.

Nazirin sözlərinə görə, bu maliyyə Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin inşasını da əhatə edir. Layihənin reallaşması ilə Şərqi Anadolu bölgəsi birbaşa Asiya ilə dəmir yolu vasitəsilə bağlanacaq və bu xətt eyni zamanda Türkiyə ilə Naxçıvanı birləşdirəcək.

Qeyd olunur ki, bu dəmir yolu xətti Zəngəzur dəhlizi ilə paralel və ya tamamlayıcı rol oynayacaq, Azərbaycanın Qərb rayonları ilə Türkiyə arasında alternativ quru və dəmir yolu bağlantısı yaradacaq. Layihə həm logistika, həm də geosiyasi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin açılmasının ticarəti canlandıracağını və bu məsələnin konsensus yolu ilə həll edilə biləcəyini bildirib. O qeyd edib ki, Zəngəzur dəhlizi, təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək.

Mübariz FEYİZLİ

Избранный
9
1
yeniazerbaycan.com

2Источники