Xəbər verdiyimiz kimi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Zəngəzur dəhlizi məsələsinə toxunarkən onun Ermənistan və Azərbaycanın suveren məsələsi olduğunu bəyan edib:
"Zəngəzur dəhlizi ətrafında müzakirə sırf Ermənistan və Azərbaycanın suveren məsələsidir. Biz Azərbaycan və Ermənistan arasında aparılan danışıqları qətiyyətlə dəstəkləyirik.
" Aydın məsələdir ki, prosesin bu cür cərəyan etməsi heç də Moskvanın marağına cavab vermir. Rusiya dəhlizin Bakı, İrəvan və Moskva arasında üçtərəfli müqaviləyə əsasən realizə olunmasında israrlıdır. Ermənistan isə uzun müddətdir imza atdığı bu sənədin işıq üzü görməsinə imkan verməməyə çalışır.
Belə bir anda Kreml rəsmisi Peskov bəyan edir ki, Zəngəzur dəhlizi ətrafında müzakirə sırf Ermənistan və Azərbaycanın suveren məsələsidir.
Peskovun bu açıqlaması Zəngəzur dəhlizi məsələsində Kremlin geri çəkildiyinəmi işarədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Rusiyanın Zəngəzur dəhlizilə bağlı mövqeyindən geri çəkildiyini düşünmür:
“Bu mənada Peskovun belə yumşaq açıqlaması heç də Kremlin Zəngədur dəhlizi ilə bağlı məsələdə geri çəkildiyi anlamına gəlməməlidir.
Peskovun bu yanaşması sadəcə olaraq, gerçək planları ört-basdır etməyə yönəlib.
Rusiya hazırda öz imkanlarına uyğun şəkildə danışır. Ukrayna müharibəsində qələbə əldə edə bilmədiyindən, Rusiya digər qonşu ölkələrə münasibətdə tez-tez səhvlərə yol verir. Peskov da həmin açıqlaması ilə yol verdikləri bu səhvləri guya ötr-basdır etmək istəyir”.
Zəngəzur dəhlizinin açılması üçün İrəvan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır:
“Azərbaycan Cənubi Qafqazın əməkdaşlıq və tərəfdaşlıq bölgəsinə çevrilməsində maraqlıdır. Dəhliz məsələsi də Azərbaycanla Ermənistan arasında razılaşma əsasında öz həllini tapmalıdır.
Burada üçüncü ölkənin olmasına ehtiyac yoxdur.
Onun açılması, bütün bölgənin, həmçinin də Ermənistanın marağına uyğundur. Bunun üçün də İrəvan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır”.
Rüfət Sultan, Bizim.Media