Peskov nə deməyə çalışırdı, Ermənistanın istəyi nədir?
İlk baxışdan, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını adi qarşılamaq olar. Amma bəribaşdan deyək ki, bunu mümkün saymırıq. Çünki onun söylədiklərinin Ermənistanın maraq və mənafeləri ilə uzlaşdığı qənaətindəyik. Yazımızda bu qənaəti əsaslandırmağa çalışacaq, Rusiya rəsmisinin dediklərinin nədən qaynaqlandığına aydınlıq gətirəcək və yekun nəticəyə gələcəyik.
Beləliklə, D.Peskov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistanın və Azərbaycanın suveren işidir. Ardınca isə o, Rusiyanın ölkələr arasında tezliklə sülhün yaranmasının tərəfdarı kimi çıxış etdiyini vurğulayıb.
Məlumdur ki, Zəngəzur dəhlizi 44 günlük müharibədən sonra meydana çıxmış reallıqdır. Savaşın isə Ermənistan üçün acı nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat var. Sənədin 9-cu bəndi Naxçıvana maneəsiz yoldan bəhs edir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Burada “maneəsiz hərəkət” məntiqi önəmlidir. “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir” fikri də həmçinin. Ermənistan maneəsiz hərəkətə imkan tanımaq istəmir. Rusiya FTX-nin sərhəd xidmətindən isə, ümumiyyətlə, söz açan yoxdur. Halbuki, 9-cu bənd, müəyyən mənada, tarixə əsaslanırdı.
Birincisi, keçmiş SSRİ zamanında Naxçıvana qatarlar hərəkət edib və yol Ermənistan SSR-in yox, Azərbaycan SSR-in tabeliyində olub. Daha dəqiq desək, Azərbaycan SSR-in dəmir yolları ilə bağlı müvafiq qurumunun. İkincisi, elə o dönəmdə də sözügedən istiqamətdə rus sərhədçiləri keşik çəkiblər. Çünki İran amili var idi. Ermənistan müstəqil dövlətə çevriləndən sonra da bu amil əhəmiyyətini saxladı. Yəni, ölkənin İranla sərhədində rus hərbçiləri keşik çəkdilər. Hətta, durum bu günlərədək dəyişməz qaldı.
Haşiyə çıxaq ki, artıq sərhəddə ruslar yoxdur, orada erməni hərbçilərinin özləri dayanıblar. Amma heç eşitmədik ki, Rusiyada kimsə məsələni Ermənistanın suverenliyi prizmasından dəyərləndirsin. Əksinə, İrəvanın Moskvanı Cənubi Qafqazdan sıxışdırmağa çalışdığı bildirildi.
Üstəlik, Ermənistan suveren saydığı ərazilərində Avropa İttifaqının mülki müşahidə missiyasını yerləşdirib. Müşahidəçilərin casusluq fəaliyyəti həyata keçirdikləri də məlumdur. Bunu Prezident İlham Əliyev də vurğuladı. Dövlətimizin başçısı III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə dedi: “Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik”.
***
Başqa bir məqama diqqət yetirək. Ermənistanın baş naziri Nikol Paşinyan özünü elə aparır ki, sanki, üçtərəfli bəyanata imza atan o deyil, başqasıdır. Ölkəmizin rəhbərliyi isə Naxçıvana yolu “Azərbaycandan Azərbaycana yol” kimi görür. Rəsmi Bakı ərazidə hansısa gömrük və sərhəd nəzarətinin həyata keçirilməsini məqbul saymır. Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə yenidən vurğuladı. Ölkəmizin yanaşmasındakı prinsipiallığı əsaslandırmaq üçün lap əvvələ, yəni üçtərəfli bəyanatın imzalandığı günə qayıdaq. Dövlətimizin başçısı xalqa 10 noyabr 2020-ci il tarixdəki müraciətində bildirmişdi: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.
Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirlərindən bir neçə nəticə çıxarmaq mümkündür. Birincisi, üçtərəfli bəyanata 9-cu bəndin məhz dövlətimizin başçısının təkidi ilə daxil edilməsi üzərində dayanaq. Deməli, ölkəmizin mütləq qələbəsi ilə başa çatmış II Qarabağ müharibəsi zamanı dövlətimizin hədəfi həm də Naxçıvana maneəsiz yol olub və məğlub Ermənistanın baş naziri Paşinyanın üçtərəfli bəyanatda yer almış imzası rəsmi İrəvanın Azərbaycanın tələbini qəbul etməsidir. Bir daha vurğulayaq ki, 9-cu bəndin “maneəsiz yol” məntiqi prinsipial əhəmiyyət daşıyır və bunu danmaq, görməzdən gəlmək, yumşaq desək, məsuliyyətsizlikdir.
İkincisi, Naxçıvanın blokadası bölgənin işğalına yönələn addım idi və bu mənfur plan hələ 1923-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılanda işə salınmışdı. 1990-cı illərdə mövcud istiqamətdə cəhdlərin göstərilməsi də, ulu öndər Heydər Əliyevin təcavüzkarlıq meyillərinin qarşısını alması da məlumdur. Deməli, zamanında Naxçıvanla Azərbaycanın digər ərazilərinin quru əlaqəsinin kəsilməsi həm də erməni avantürizminin perspektivinə qırmızı işıq yandırmaq idi və hazırda buna imkan tanımamaq Azərbaycan üçün strateji məsələdir. Bu səbəbdən qədim diyarımıza yol maneəsiz olmalıdır.
Naxçıvana yolda Rusiya sərhədçilərinin keşik çəkmələri müddəasına gəlincə, məsələ Moskva üçün, müəyyən mənada, avans mahiyyəti daşıyırdı. Çünki Cənubi Qafqazda jandarm funksiyasını yerinə yetirmək istəyən Rusiyadır. Bir halda ki, Azərbaycan Naxçıvana maneəsiz yol əldə edir, yolun yan-yöyrəsində hansı qüvvələrin dayanması rəsmi Bakı üçün heç bir əhəmiyyət daşımır. Üstəlik, vurğuladıq ki, həmin istiqamətdə rus hərbçiləri həmişə olublar və rəsmi İrəvan duruma ərazi bütövlüyü və suverenlik pəncərəsindən baxmayıb.
Əlqərəz, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu zamanı Zəngəzur dəhlizinin ABŞ şirkətinə iracəyə verilməsinə dair sualı cavablandırarkən, çox aydın şəkildə bildirdi ki, Azərbaycan öz ərazisində heç bir xarici qüvvə və ya operator təşkilatın, icarədarın mövcudluğunu qəbul etməyəcək. Dövlətimizin başçısı Ermənistanın seçimdə sərbəst olduğunu da vurğuladı. Hərçənd, bu günlərdə rəsmi İrəvanın ABŞ şirkəti ilə bağlı məsələyə razılıq vermədiyi məlum oldu. Halbuki, vaxtilə onu ortaya atan məhz Ermənistan rəhbərliyi idi. Əlbəttə, həmin vaxt Birləşmiş Ştatlarda kimin dövlət başçısı postunu tutduğu önəmli detaldır. Məlumdur ki, Trampdan əvvəlki Bayden administrasiyası qatı ermənipərəst idi.
Əslində, prinsipial yanaşsaq, üçtərəfli bəyanatda yer alan Rusiya FTX-sı ilə bağlı müddəa da İrəvanın seçimidir. Paşinyan həmin müddəa ilə razılaşmaya, yəni sənədə imza atmaya və hərbi əməliyyatları davam etdirə bilərdi. Amma bacarmadı, çünki Ermənistan müharibə aparacaq vəziyyətdə deyildi. Ancaq Nikol sonradan üçtərəfli bəyanatın 9-cu bəndini danmağı bacardı. Ölkəmizə gəlincə, rəsmi Bakı Zəngəzur dəhlizi kimi gündəmə gətirdiyi Naxçıvana yol məntiqini beynəlxalq ictimai rəydə möhkəmləndirdirdi. Burada uduşsuz çıxan Rusiyadır. Moskvanın mənafeyinin təmin olunmamasının baiskarı isə Azərbaycan yox, Ermənistandır.
***
Bəli, N.Paşinyan Rusiya FTX-nin Naxçıvana yolda keşik çəkməsinə qarşı çıxdı, habelə ölkəmizin “Azərbaycandan Azərbaycana yol” məntiqini qəbul etmədi. Durumu Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının yolverilməzliyi kimi əsaslandırdı. Baxmayaraq ki, ötən ilin avqustunadək fəaliyyəti intensiv xarakter daşımış Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin işçi qrupu Naxçıvana yolla bağlı Ermənistanın suverenliyinə təhlükə törətməyən formul tapmışdı. Paşinyan iqtidarı həmin formulla da razılaşmayaraq sözügedən təsisatın işini iflic etdi. Rusiyanı növbəti dəfə heçə saymaq məhz bu idi.
Sözümüz ondadır ki, Rusiya Prezidentinin mətbuat katibi D.Peskov Zəngəzur dəhlizi ilə əlaqədar məsələnin Azərbaycanın və Ermənistanın suveren işi olduğunu bütün bunların fonunda vurğulayıb. O zaman meydana suallar çıxır. İlk sual isə budur: Rusiya üçtərəfli bəyanat məntiqindən uzaqlaşıbmı? İkinci sual: Yəni, Kreml, həqiqətənmi, Azərbaycan və Ermənistanın vasitəçilərsiz danışıqlar aparmasını dəstəkləyir? Daha doğrusu, Rusiya hesab edirmi ki, hazırda Bakı-İrəvan təmasları vasitəçilərsiz struktura malikdir?
Suallara cavab olaraq bildirək ki, Rusiya, heç bir halda, üçtərəfli bəyanat məntiqindən uzaq durmur. Bunu ölkənin rəsmiləri də deyiblər. Sonuncu dəfə bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, ondan bir qədər əvvəl isə nazir müavini Mixail Qaluzin bildirmişdi ki, Azərbaycan-Ermənistan normallaşmasında başlıca istinadgah 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatlardır. Nəzərə alaq ki, Kreml təmsilçilərinin açıqlamaları Prezident İlham Əliyevlə baş nazir N.Paşinyanın iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki görüşü fonunda səslənmişdi. Rusiya tərəfi görüşü pozitiv qiymətləndirsə də, keçmiş gündəliyi yada salmağı da unutmamışdı. Görəsən niyə?
Suala cavab baxımından həmin M.Zaxarovanın fikirlərini xatırladaq. Xanım Zaxarova Qərbin Bakı-İrəvan normallaşmasına müdaxiləsinin xoşagəlməz mahiyyət daşıdığını önə çəkib. Əlbəttə ki, o, ABŞ-ın fəallığını nəzərdə tutub. O fəallıq ki, özünü Zəngəzur dəhlizi kontekstində də göstərir. O fəallıq ki, onda ümumən Azərbaycanın Zəngəzur dəhlizi məntiqinin beynəlxalq ictimai rəydə möhkəmləndirilməsi amili var. Əlbəttə, Ermənistan belə qoyuluşla razılaşmır və bu səbəbdən Paşinyan gözlənilmədən Rusiyaya yollanır, ölkənin baş naziri Mixail Mişustinlə görüşür. Diqqət yetirək ki, istər Zaxarovanın Qərbin sülh prosesinə müdaxiləsinə dair açıqlaması, istərsə də Peskovun fikirləri məhz həmin görüşdən sonraya təsadüf edir.
Konkret olaraq, Peskovun mövqeyinə gəlincə, vurğuladıqlarımız məqamlar əsasında ümumi nəticə budur ki, Rusiya həm Qərb vasitəçiliyinin yolverilməzliyi, həm də Zəngəzur dəhlizi xüsusunda məsələnin iki Cənubi Qafqaz ölkəsinin suveren işi olduğuna dair məntiqi qabartmaqla, dəhliz mövzusunda Ermənistanın tərəfini tutur. Axı ərazi bütövlüyü və suverenlik klişesini qabardan məhz rəsmi İrəvandır. Əsl mahiyyətin məhz göstərdiyimiz kimi olduğunu müəyyənləşdirmək üçün isə çox düşünməyə ehtiyac yoxdur. Yenə bəzi suallar ünvanlayaq. Məsələn, necə olurdu ki, Rusiya öz qoşunlarının Ermənistan ərazisində mövcudluğunu ikincinin ərazi bütövlüyünün pozulması qismində dəyərləndirmirdi, indi yadına suverenlik düşür? Ümumən, Rusiya üçün keçmiş MDB ölkələrinin ərazi bütövlüyü və suverenliyi anlayışı varmı? Əlbəttə ki, xeyr!
***
Sonda bir məqamın da üzərində dayanaq. Prezident İlham Əliyev baş nazir Paşinyanla Əbu-Dabidəki görüşünü, ümumən, müsbət qiymətləndirsə də, dövlətimizin başçısının açıqladığı detallar həmin təmasın heç də rəvan müstəvidə keçmədiyinin sübutudur: “Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər”.
Belə bir nəticə meydana çıxır ki, Paşinyanın Rusiyaya səfəri və səfər fonunda Kreml təmsilçilərinin bəyanatları, eləcə də ABŞ-dakı və Qərbin bir sıra ölkələrindəki erməni lobbi və diaspor təşkilatlarının xaricdəki ermənipərəstləri hərəkətə keçirmələri eyni zəncirin halqalarıdır.
Deməli, əvvəldə anonsunu verdiyimiz yekun nəticə budur: Prezident İlham Əliyevin təbirincə desək, daha çox parça qoparmaq istəyən Ermənistan sülh prosesindən yayınır. Əvvəl, yəni Baydenin Prezidentliyi zamanında bunu ABŞ-a güvənərək edirdi, indi isə arxalandığı Rusiyadır. İrəvanın yanaşmasının hansı gələcək təzahürləri mümkündür və həmin təzahürlər nəyə gətirib çıxara bilər, bu haqda fikir yürütmək, müəyyən ehtimalları gündəmə gətirmək olar. Ancaq, hələlik, buna ehtiyac duymuruq. Necə deyərlər, yaşayarıq görərik.
Ə.CAHANGİROĞLU
XQ