RU

Ağstafalı fermerin yetişdirdiyi günəbaxan Türkiyəyə ixrac olunur  

Yüksək kondisiyalı olduğu üçün

Dünyada təbii ehtiyatların tükəndiyi bir vaxtda əhalinin ərzaq təhlükəsizliyi məsələsi önə çıxıb. Belə bir şəraitdə ilkin vəzifə daxili bazarın idxaldan asılılığının aradan qaldırılması üçün yerli istehsalı artırmaqdır. Bunun üçünsə regionlarda kənd təsərrüfatının inkişafını sürətləndirmək, xüsusən məhsuldarlığı artırmaq lazımdır. 

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Ağstafa əvvəlki illərdə olduğu kimi, bu il də kənd təsərrüfatı məhsulları istehsalında uğurlu göstəricilərə nail olur. Bu günlər rayonda olduq. Söhbət zamanı öyrəndik ki, cari ilin uğurla başa çatması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. 

Hazırda rayonda 21 min 649 hektar əkinəyararlı torpaq sahəsi var. Mövcud əkin sahələrinin 8 min 512,1 hektarında taxıl əkilir. Onun 5734,5 hektarı buğda, 2 min 777 hektarı arpadır. Bu il taxılçılıqda yüksək göstəricilərə nail olan rayonda kənd təsərrüfatının digər sahələrində də məhsuldarlıq pis deyil. Xüsusən bostan bitkiləri və kartof istehsalı gözlənildiyindən çox olub. 377 hektarda kartof əkən ağstafalılar indiyədək 50 hektardan çox sahənin məhsulunu yığmışlar. Əsasən Ağgöl, Qırılı, Eynallı və Göycəli kəndlərində bu il daha çox kartof əkilmişdir. Məsələn, Ağgöl kəndində fermer Elnur Nəbiyev əvvəlki ildəkindən çox, yəni 40 hektarda kartof yetişdirmişdir. Hazırda fermer yığımla məşğuldur. İndiyədək sahələrin hər hektarından 40-50 sentner məhsul toplamışdır. Təsərrüfatda 50 nəfər işləyir. Məhsulu saxlamaq üçün rayonda olan soyuducu anbarı icarəyə götürən fermer əhalinin qış mövsümündə kartofla təminatında iştirak etmək istəyir. 

Bundan başqa, Muğanlı kəndinin sakini Əsəd Rzayev də bu il sahələrdə bol məhsul yetişdirmişdir. Fermer 70 hektar əkin sahəsinin 60 hektarında kartof, 10 hektarında soğan əkmişdir. 

Rayonda günəbaxan istehsalına da maraq var. Keçən il 1408 hektarda əkilən günəbaxandan 3114 ton məhsul götürən fermerlər bu il əkin sahəsini xeyli genişləndirərək 1821 hektara çatdırmışlar. Hər hektardan 2,2 ton məhsul götürən torpaq sahibləri bu il də sahələrdə bol məhsul yetişdirmişlər. Köçəsgər kənd sakinləri Gülbəniz Həbibova 30, Elmira İsmayılova 20, Pirili kənd sakini Hüseyn Əhmədov 54, Aşağı Göycəli kəndində Müşfiq Ələsgərov 50 hektarda günəbaxan yetişdirmişlər. Pirili kəndində olarkən fermer Hüseyn Əhmədovla söhbət etdik. Dedi ki, uzun illərdir bu qiymətli bitkinin becərilməsi ilə məşğuldur. Günəbaxanı biçmək üçün lazım olan bütün texnikası var. Yığılmış məhsulu qurutmaq üçün talvar da quraşdırmışdır. Yetişdirilən məhsul yüksək kondisiyalı olduğundan onun bir hissəsini xaricə - qardaş Türkiyəyə göndərir. 

 Sabir ƏLİYEV,

 “Azərbaycan”

Избранный
45
azerbaijan-news.az

1Источники