RU

Kim-kimi devirəcək:Paşinyan Nersisyanı, yoxsa?..

Ermənistanda daxili siyasi-ictimai vəziyyət pik nöqtəsinə yaxınlaşır

Bunun səbəbi erməni kilsəsi və radikal-revanşişt qüvvələr ilə baş nazir Nikol Paşinyan arasındaki gərginliyin pik nöqtəsinə çatmasıdır. Dini- mənəvi dəyərlərini itirərək terror yuvasına çevrilən kilsə baş naziri Azərbaycana güzəştli siyasət yürütməkdə ittiham edir, Paşinyan isə kilsəni xarici kəşfiyyat orqanları ilə işbirliyində, “dövlət işlərinə qarışmaq” və “hakimiyyəti ələ keçirməyə çalışmaqda” günahlandırır. Paşinyanın II Qareginlə qarşıdurması və katalikosun iqamətgahı qarşısında təyin etdiyi mitinq hazırda Ermənistan ictimaiyətinin əsas müzakirə mövzusuna çevrilib. Sabiq prezident Levon Ter-Petrosyan baş naziri ittiham edərək, əhalini Paşinyanın çağırışına qoşulmamağa, “təxribata getməməyə” çağırıb. O, həmçinin ikinci dəfə Paşinyana müraciət redərək onu kilsə ilə bağlı mövqeyindən geri çəkilməyə çağırıb: “Mümkün qan tökülməsinə görə yalnız siz cavabdeh olacaqsınız. Hörmətli cənab baş nazir, çox gec olmadan Vaqarşapatda mitinq keçirməklə bağlı təşəbbüskar olduğunuz qərarı ləğv edin və siyasi məhbusları, ilk növbədə, arxiyepiskoplar Baqrat və Mixaeli, Samvel Karapetyanı dərhal azad edin. Əminəm ki, bu addım xalqımız tərəfindən zəiflik əlaməti kimi yox, başqa bir dövlət xadiminin, baş nazir, sağlam düşüncənin təzahürü kimi qiymətləndiriləcək. Əks halda mümkün toqquşmalara və qan tökülməsinə görə yeganə cavabdeh olacaqsınız”.

Bütün bunlara məhəl qoymayan, erməni kilsəsi ilə bağlı mövqeyinin qəti və dəyişməz olduğunu nümayiş etdirən Paşinyan bu günlərdə daha bir paylaşım edərək, bir daha II Qaregini hədəf alıb.  Baş nazirin planına görə, Qaregin kilsədən uzaqlaşdırıldıqdan sonra yeni katolikos seçilməyəcək, ancaq əvəzedici təyin ediləcək. Belə ki, II Qareginin katolikos səlahiyyətləri əlindən alınacaq, onun yerinə “Katolikos Vəkili” təyin olunacaq. Həmçinin yeni katolikos seçkiləri yalnız kilsə qanunları yeniləndikdən sonra keçiriləcək, namizədlərin mənəvi bütövlüyü və davranışları yoxlanacaq.

“Hraparak” qəzeti öz mənbələrinə istinadla Paşinyanın planlarını açıqlayıb: “Bu, kilsəni başsız və uzun illər ruhani lidersiz qoymaqdır … Əslində, hökumətin bir neçə həftədir ki, Patriarxlığa qarşı əsasən keçmiş cinayətkarlardan, narkomanlardan və antisosial davranışa malik insanlardan ibarət üsyançı qruplar topladığı və Eçmiədzinə basqın etmək üçün koordinasiya etdiyi barədə şayiələr var. İlkin məlumata görə, Paşinyan kilsəyə basqını iyulun 27-nə, II Qareginin liturgiya qeyd edəcəyi günə təyin edib. Deyirlər ki, Paşinyan uzun müddət kilsəyə hücumu hansı günə planlaşdırmaq barədə fikirləşib, bir neçə dəfə tarixi dəyişib, lakin hər dəfə belə bir sual yaranıb: əgər katalikos kilsədə olmasa, bundan sonra nə etməli? Buna görə də liturgiya zamanı kilsəyə basqın etmək qərara alınıb”.

Bütün bu proseslərə şəxsən rəhbərlik edəcəyini bildirən Paşinyan II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc edib: “Patriarxın iqamətgahının Ktriç Nersisyandan azad edilməsi, ilk növbədə, mənəvi gündəmdir, kilsəmizin yenilənməsinin gündəmidir və kilsənin, dövlətimizin və cəmiyyətimizin vasitəsilə özümüzün yenilənməsi, dövlətimizdə mənəvi həyat səviyyəsinin bərqərar olması üçün bir gündəmdir. İndiki rəhbərliklə Erməni Apostol Kilsəsinin sosial və mənəvi standartlarna çevrilməsi çətin, hətta qeyri-mümkündür. Kilsə rəhbərliyi əcdadlarımızdan bizə ötürülən standarta əməl etməzsə, bu, eyni zamanda vətənsizliyin nəticəsi olacaq. Bizim vəzifəmiz Ktriç Nersisyanı öz əhdini pozmuş başqa bir keşişlə əvəz etmək ola bilməz, çünki bu, siyasi bir sui-qəsd olardı. Mən başa düşürəm ki, bununla məsələni çətinləşdirirəm, amma Nersisyanı dəstəkləmək niyyətində deyiləm. Nersisyanın əvəzinə katolikosluğun taxt-tacına sonradan iddia edə bilməyən hər hansı bir evli keşiş müvəqqəti olaraq təyin edilir., sonra yeni qaydalarla seçkilər baş tutur”.

Bütün bunların fonunda aydın görünür ki, Ermənistanda ictimai-siyasi proseslər artıq böhran həddinə çatmaq üzrədir. Xarici ekspertlərə, erməni politoloqlara görə, Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında artan gərginlik nəinki Ermənistan cəmiyyətində qarşıdurmalara, hətta silahlı toqquşmalara gətirb çıxara bilər. Bütün bunlar isə ölkəni uzunmüddətli savaş meydanına çevirər…

Zahid Rza, “İki sahil”

Избранный
35
ikisahil.az

1Источники