ain.az bildirir, Sitat.info portalına istinadən.
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır. Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq". Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".
Uraloğlunun açıqlamasını Sitat.info üçün təhlil edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyənin zaman-zaman Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar səsləndirməsi bir siyasi mesajdır: "Bu Zəngəzur dəhlizinin Türkiyənin prioritetləri sırasında olduğunu göstərir. Türkiyəli nazirlər bununla bildirmək istəyirlər ki, Zəngəzur dəhlizi bizim üçün aktuallığını itirməyib. Eyni zamanda bir çox beynəlxalq aktorların da marağındadır. Çünki Zəngəzur dəhlizi regional deyil, qlobal bir layihədir. Təbii ki, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında gedən dialoqlarda, bəzi üçtərəfli formatda aparılan müzakirələrdə Zəngəzur dəhlizinin dəhlizi də gündəmdədir. Bu dəhlizin alternativi isə İrandan keçən Araz dəhlizidir. İran Zəngəzur dəhlizini istəmir ki, Araz dəhlizi işə düşsün və bütün layihələr İrandan keçsin. İranda hazırki iqtidarın Azərbaycanla bağlı siyasəti kifayət qədər adekvat olsa da, Zəngəzur dəhlizindən danışmırlar. Bunun səbəbi də aydındır".
K.Novruzovun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri üçün də dəhlizin açılması mühüm şərtdir: "Azərbaycanla Ermənistan arasında normallaşma prosesində ciddi addımlar atılır, müsbət dinamika müşahidə olunur, bu həm də Zəngəzur dəhlizi məsələsinə aiddir. Türkiyənin Ermənistan qarşısında qoyduğu əsas şərtlərdən biri məhz Zəngəzur dəhlizinin açılması olacaq. Bəlkə də pərdə arxasında Ermənistanın qarşısında belə bir ev tapşırığı qoyulub. Ermənistana bildirilib ki, dəhlizi açmaqla həm münasibətlərin normallaşmasına, həm də iqtisadiyyatının inkişafına və təhlükəsizliyinin təminatına tövhə verə bilər. Düzdür artıq iki ölkə arasında müəyyən yaxınlaşma var, ancaq bunun daha da inkişafı üçün dəhlizin açılması şərtdir. Uraloğlunun son açıqlaması da bu kontekstdən dəyərləndirilməlidir".
Aytac,
Sitat.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.