Elçin Əfəndi: “Sosial cəhətdən həssas təbəqəyə daxil olan tələbələr bu dəyişikliyin faydasını hiss edəcəklər”
Məlum olduğu kimi, Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fərman və sərəncam imzalayıb. Fərman və sərəncamlara əsasən, bütün tələbə təqaüdləri artırılacaq. Qeyd edək ki, artımlar sentyabrın 1-dən tətbiq ediləcək.
Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub. Bu məbləğ daha əvvəl 275 manat olub. Prezidentin fərmanı ilə təqaüdün məbləği 75 manat artırılıb.
Doktorantura pilləsində artımlar 40-50 manat təşkil edib. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 400 manatdan 450 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd isə 240 manatdan 300 manata çatdırılıb.
Magistratura səviyyəsi üzrə artımlar isə 10-45 manat arasındadır. Belə ki, artıq magistr tələbələrindən əlaçılar 240, həvəsləndirici ("zərbə"çilər) 180 manat, adi 120 manat təqaüd alacaq.
Bakalavr pilləsində isə əlaçılar 200 manat, "zərbə"çilər 160 manat, adi təqaüd alanlar 100 manat təqaüdlə təmin ediləcək. Artım 10-25 manat arasındadır. Orta ixtisas təhsili müəssisələrində isə tələbələrə müvafiq olaraq 110, 90, 70 manat təqaüd veriləcək.
Tələbələrin sosial rifahının inkişafı istiqamətində atılan bu addım ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir.
“Prezidentin sərəncamı ilə tələbə təqaüdlərinin artırılması sosial baxımdan əhəmiyyətli addımdır”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezidentin sərəncamı ilə tələbə təqaüdlərinin artırılması sosial baxımdan əhəmiyyətli addımdır: “Nəzərə almaq lazımdır ki, tələbələrin əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir, üstəlik onların dolanışığını da nəzərə alsaq təqaüdlərin artması vacib idi. Dövlət başçısının imzaladığı son sərəncama əsasən, tələbə təqaüdləri artırıldı. Məsələn, Prezident təqaüdü artırılıb, bu il 102 tələbə350 manat Prezident təqaüdü alır. Əgər həmin tələbələr əlavə olaraq əlaçı təqaüdü də qazansalar, bu zaman ümumi təqaüd məbləği 550 manata qədər yüksələ bilər. Sosial cəhətdən həssas təbəqəyə daxil olan tələbələr bu dəyişikliyin faydasını hiss edəcəklər. Bakalavriat səviyyəsində adi təqaüdlər üzrə tələbələr 110 manat, zərbəçi tələbələr 200 manat, əlaçılar isə təxminən 165 manattəqaüd alacaqlar. Ən azından, sosial cəhətdən həssas qrupa daxil olan tələbələr də bu artımdan faydalana biləcəklər. Bu qərar olduqca müsbətdir və tələbələrin sosial rifahına müsbət təsir edəcək”.
Günel CƏLİLOVA